Putinin hədəfində olan 16 ölkə: Siyahısında Azərbaycan da var

İmperiya ambisiyasını davam etdirən Rusiyanın bugünkü potensial hədəfləri sırasında Ukrayna ilə yanaşı, Finlandiya, Polşa, Estoniya, Latviya, Litva, Belarus, Moldova, Ermənistan, Gürcüstan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Özbəkistan və Türkmənistan ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Atlantic Council”in analitik materialında bildirilib.
Mənbə bildirib ki, siyahı tam deyil, bura XX əsrin ikinci yarısında Şərq blokuna daxil olmuş bir çox keçmiş sovet dövlətlərini də əlavə etmək olar.
Nəşrin yazdığına görə, Rusiya lideri Vladimir Putin aydın şəkildə göstərib ki, onun ekspansionist iştahası qətiyyən doymayıb:
“Vladimir Putinin dekabrın 17-də Müdafiə Nazirliyinə müraciətində Ukraynaya qarşı işğalın maksimalist məqsədlərinin qeydsiz-şərtsiz həyata keçiriləcəyini bildirməsi və müharibəni Rusiyanın postsovet məkanında geriləməsinə son qoymaq uğrunda bir “səlib yürüşü” kimi təqdim etməsi buna sübutdur”.
Qeyd edilib ki, Kreml sahibinin Ukraynaya qarşı davam edən müharibəsini nəzərə aldıqda, Qərbdə çoxları onun imperiya ambisiyalarını getdikcə daha ciddi qəbul etməyə başlayır. Xüsusilə, ABŞ kəşfiyyatının proqnozları Vladimir Putinin bütün Ukraynanı ələ keçirmək və vaxtilə SSRİ-nin təsir dairəsində olmuş Avropanın bəzi ölkələrinə nəzarəti yenidən geri qaytarmaq məqsədlərindən imtina etmədiyini təsdiqləyir.
“Avropalılar Kremlin niyyətlərindən əmindir. Polyaklar da buna tam əmindir. Baltik ölkələri (Finlandiya, Latviya, Litva və Estoniya) isə özlərini ilk hədəf hesab edirlər”, – kəşfiyyat hesabatında deyilir.
Bununla belə, skeptiklər Putinin Qərbə qarşı müharibə aparmaq qabiliyyətinə şübhə edir və Ukraynada Rusiya ordusunun uğursuzluqlarını hərbi məhdudiyyətlərin sübutu kimi göstərirlər.
“Bu, təsəllivericidir, amma təhlükəli dərəcədə aldadıcıdır”, – nəşr vurğulayıb.
Mənbə hesab edir ki, müharibə Ukraynanı devirsə, Avropa ölkələri hazır olmadığı bir çağırışla üz-üzə qalacaq:
“Mövcud geosiyasi şərait Rusiyanı hərəkətə keçməyə təşviq edə bilər, çünki bu durum Rusiyanın imperiya gündəmini irəli aparmaq üçün unikal imkan yaradır. Donald Trampın Ağ Evə qayıdışı ABŞ-nin Ukrayna müharibəsinə və ümumilikdə Avropanın müdafiəsinə yanaşmasında kəskin dəyişikliklərə səbəb olub.
NATO-nun 5-ci maddəsinə uyğun olaraq, Rusiyanın Baltik ölkələrinə hücumu ABŞ-nin müvafiq cavab tədbirləri ilə nəticələnəcəkmi? Trampın NATO-ya münasibəti və administrasiyasının Avropaya ikili yanaşması fonunda bəziləri bunun artıq əvvəlki kimi təminatlı olmadığını düşünür”.
Polise.az



