Ankarada dörd generalın öldüyü təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

Liviya hökuməti Türkiyənin paytaxtı Ankara yaxınlığında Baş Qərargah rəisi Məhəmməd Həddadı daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı hadisənin təfərrüatlarını araşdırmaq üçün istintaq komissiyası yaradıb.
Teleqraf xəbər verir ki, komissiya hadisənin detalları ilə tanış olmaq məqsədilə Türkiyənin təhlükəsizlik və məhkəmə orqanları ilə birbaşa koordinasiya və əlaqəni həyata keçirəcək, həmçinin təhlükəsizlik prosedurları ilə bağlı bütün sənəd və hesabatları Türkiyə tərəfi ilə əməkdaşlıq çərçivəsində nəzərdən keçirəcək.
Komissiya səhlənkarlıq, nöqsan və ya cinayət əməlinin olub-olmadığını araşdıracaq, eləcə də cəsədlərin Liviyaya daşınması prosedurlarının asanlaşdırılması üçün koordinasiya aparacaq.
Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Həddad və onu müşayiət edən şəxslər dekabrın 23-də axşam saatlarında Ankara yaxınlığında “Falcon 50” tipli təyyarənin qəzaya uğraması nəticəsində həlak olublar.
Liviya Baş naziri Əbdülhəmid Dibeybə Baş Qərargah rəisi və onu müşayiət edən şəxslərin – Quru Qoşunlarının komandanı general-leytenant Fəytuori Qribil, Hərbi Sənaye İdarəsinin direktoru briqada generalı Mahmud əl-Qətiuvi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd əl-Əsavi Diyab və Baş Qərargahın fotoqrafı Məhəmməd Ömər Əhməd Məhcubun həlak olduğunu açıqlayıb.
Polise.az



