Vnukovo aeroportunun ən tutqun günü – 1 saatda 3 təyyarə “7 Noyabr”ın güdazına gedib

Müharibədən sonrakı SSRİ-də hətta mülki şəxslər belə hökumət əmrlərinə tabe olmadıqlarına görə edam edilib. Bəzən isə hökumətin boşluqları görməməsi, eyni zamanda göstəriş üçün verilən ağlasığmaz qərarlar insanların ölümünə səbəb olub. Ölkə rəhbərliyi meteoroloqlara təhlükəsiz uçuş şəraitini təmin etmək kimi ciddi bir vəzifə həvalə edib. Buna görə də sovet mülki aviasiya donanmasının tarixində bir çox faciəli hadisələr baş verib.
Göstəriş: təyyarəni qəbul edin
1946-cı ilin noyabr ayının əvvəlləri soyuq və buludlu olub, davamlı qatı duman təkcə yollarda deyil, həm də səmada görüntünü çətinləşdirib. Noyabrın 7-də ölkədə “Böyük oktyabr sosialist inqilabı”nın ildönümünü qeyd etmək planlaşdırılıb. Bu mühüm siyasi şənliyə SSRİ-nin bütün respublikalarından və böyük şəhərlərindən yüksək vəzifəli şəxslər dəvət olunublar.

Lakin hava şəraiti əlverişsiz olub. Vnukovo hava limanı rəhbərliyinə bayrama gələn qonaqları daşıyan bütün planlaşdırılan uçuşların 7-ci günə qədər qəbul edilməsini təmin etmək üçün mühüm bir hökumət tapşırığı verilib. Meteoroloqlardan faktiki hava şəraitini təhlil etmək və qarşıdakı günlərdə hər hansı bir irəliləyişin olub-olmamasını müəyyən etmək tələb olunub.
Nəticədə, 5 noyabrda Vnukovo meteorologiya xidməti hava limanı ərazisindəki dumanın saat 15:00 ilə 17:00 arasında çəkiləcəyini proqnozlaşdırıb. Odur ki, əvvəllər ölkənin digər şəhərlərindəki hava limanlarında gözləyən onlarla təyyarə Moskvaya yola düşüb.
Lakin saat 16:30-da Vnukovo hava limanı üzərində dörd heyət üzvü və 22 sərnişinlə uçan Litva təyyarəsinə eniş icazəsi verilməyib. 1946-cı il noyabrın 5-də saat 15:00 ilə 17:00 arasında real hava şəraiti meteoroloqların proqnozlaşdırdığından tamamilə fərqli olub. Əvvəlki günlərdə olduğu kimi, paytaxt hava limanının uçuş-enmə zolağında sıx duman müşahidə edilib.

Təyyarə bir saatdan çox dövrə vurub və sonra yanacağın az olduğunu görən hava hərəkəti dispetçerləri saat 17:45-də hava gəmisinə eniş etməyə icazə veriblər. Beşinci cəhddə görünüşün zəif olması səbəbindən təyyarə yerə enən zaman işıq dirəklərinə çırpılıb. Bu təyyarə qəzasında yalnız bir sərnişin ölüb. Daha sonra Litva təyyarəsinin qəzasını araşdıran komissiya, Vilnüs hava limanı rəhbərliyinin nasaz avtomatik radio kompası olan təyyarəni istifadəyə buraxmaqda günahkar olduğu qənaətinə gəlib. Bu o deməkdir ki, təyyarənin eniş etməyə yaxınlaşması yalnız hava hərəkəti dispetçerlərinin nəzarəti altında mümkün olub. Bu arada, paytaxtın hava nəqliyyatı dispetçerləri “təyyarələri qəbul etmək” üçün açıq bir hökumət əmri olduğunu əsas gətiriblər və istintaqdan yayınıblar.
Aşqabaddan gələn təyyarə isə əvvəlcədən Vnukovo hava hərəkəti dispetçerləri tərəfindən Voronejə göndərilib və bütün sərnişinlər orada düşərək Moskvaya qatarla getmək üçün dəmir yolu stansiyasına yollanıblar. Bununla belə, noyabrın 5-də uçuş heyəti Vnukovo hava limanında hava şəraitinin yaxşılaşması barədə məlumat alıb və paytaxta uçuşu davam etdirmək qərarına gəlib.

Beş heyət üzvü olan Türkmənistan təyyarəsi Litva təyyarəsi ilə təxminən eyni vaxtda Moskva hava limanı üzərində uçub və saat 18:07-də təcili eniş üçün icazə almazdan əvvəl dövrə vurmaq məcburiyyətində qalıb. “İl-2” təyyarəsində də yanacaq tükənməyə başlayıb. Təyyarə aşağı hündürlükdə dönərkən sürətini itirib və Yamişçevo kəndi yaxınlığında yerə çırpılıb. Zərbə təyyarəni parçalara bölüb və bütün heyət üzvü ölüb.
Eyni zamanda 10-cu aviasiya diviziyasının nəqliyyat təyyarəsi Riqadan transferlə Berlindən Moskvaya uçub. Təyyarədə dörd heyət üzvü və 22 sərnişin olub. Paytaxt səmasında hərbi pilotlar itaətkarlıqla iki saat ərzində hava limanının ətrafında dövrə vuraraq eniş icazəsini gözləyiblər. Nəqliyyat təyyarəsində kifayət qədər yanacaq olub.

Saat 18:27-də, əvvəlki bütün təyyarələr hələ də manevrlər edərkən, “Duqlas C-47” sıx dumana baxmayaraq eniş etməyə icazə alıb. Lakin pilot enişin mümkünsüzlüyünü anlayaraq təyyarəni yüksəltmək istəyib. Ancaq tam yüklü hava gəmisini yenidən qaldırmaq üçün mühərrikin gücünü kəskin şəkildə artırmaq lazım olub. Nəticədə titrəmə “Duqlas C-47”-nin eniş zolağından 700 metr aralıda qəzaya uğramasına gətirib çıxarıb. Qəzada üç heyət üzvü və 10 sərnişin həlak olub. Həmin gün Vnukovo hava limanında üç təyyarə qəzasında 19 nəfər həlak olub.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün



