DSX foması və saxta nömrə ilə Zəngilana keçən şəxslər 15 kiloqram narkotiklə tutulub – TƏFƏRRÜAT

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Ramil Nuriyev və tanışı Murad Həmzəyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Moderator.az xəbər verir ki, istintaqla müəyyən edilib ki, saxlanılan şəxslər sosial şəbəkə vasitəsilə tanış olduqları Bəhruz adlı İran vətəndaşı tərəfindən maddi maraq qarşılığında narkokuryerliyə cəlb olunublar. Onlar satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmək, saxlamaq və daşımaq üçün qabaqcadan əlbir olan qrup şəklində hərəkət ediblər. Razılığa əsasən onlar əldə etdikləri narkotik vasitəni əvvəlcədən razılaşdıqları ünvana çatdıracaqları halda 10-15 min manat qazanc əldə edəcəklərmiş.
Cinayət işi materiallarına əsasən, təqsirləndirilən şəxslər 2 oktyabr 2024-cü il tarixdə “Hyundai IX-35” markalı avtomobili icarəyə götürərək Zəngilan rayonunun Bartaz kəndi ərazisində gizlədilmiş narkotik vasitələri götürmək məqsədilə işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd ediblər. Portal icazəsi olmadan postlardan keçə bilməyəcəklərini anlayan şəxslər özlərini Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları kimi təqdim etmək qərarına gəliblər.
Bu məqsədlə Şirvan şəhərində hərbi geyim satılan mağazadan Sərhəd Qoşunlarına aid forma alıblar, daha sonra Salyan rayonunda yerləşən avtomobil dayanacağından hərbi hissəyə məxsus “MAZ” markalı yük avtomobilinin üzərindən iki ədəd hərbi qeydiyyat nişanını qanunsuz olaraq götürüblər. 4 oktyabr 2024-cü il tarixdə həmin nömrə nişanlarını avtomobilə quraşdıraraq hərbi geyimdə komendant postlarından maneəsiz keçiblər və Bartaz kəndi ərazisindən narkotik vasitələri götürərək Beyləqan rayonuna doğru hərəkət ediblər.
Təqirləndirilən şəxslər Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində keçirilən əməliyyat zamanı şəxslər saxlanılıb. Onlar əyinlərində olan hərbi geyimləri dəyişərkən saxlanılıblar.
Avtomobilə baxış zamanı ümumilikdə 14 770 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Məhkəmədə təqsirləndirilən şəxslərdən biri narkotik vasitələrdən xəbəri olmadığını iddia etsə də, məhkəmə bu ifadələri iş materialları ilə uzlaşmayan və özünü müdafiə məqsədi daşıyan qeyri-səmimi bəyanatlar kimi qiymətləndirib. Telefonlara baxış zamanı işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videogörüntülər, eləcə də avtomobilə hərbi nömrə nişanlarının taxılması faktı da sübut kimi təsdiqlənib.
Məhkəmə araşdırması nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədiblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. /Teleqraf/
Polise.az



