İran alov içində: etirazlar dördüncü gecədir səngimir, şəhərlərdə toqquşmalar

İranda dərinləşən iqtisadi böhran fonunda kütləvi etiraz aksiyaları yanvarın 1-dən etibarən artıq dördüncü gecədir ki, davam edir.
Musavat.com xəbər verir ki, Etirazlar paytaxt Tehran başda olmaqla Həmədan, Yasuc, Kuhdəşt, Rəşt və digər şəhərləri əhatə edib.
Şahidlərin və yerli mənbələrin bildirdiyinə görə, insanlar İran rialının kəskin dəyərdən düşməsinə, qiymətlərin sürətlə artmasına, işsizliyə və ümumi sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq gecə saatlarında küçələrə çıxıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə şüar səsləndirən etirazçılar, polis kordonları və xaotik vəziyyət açıq şəkildə görünür.
Məlumatlara əsasən, İran təhlükəsizlik qüvvələri aksiyaların qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib. Bir sıra şəhərlərdə gözyaşardıcı qaz, su şırnaqları və xüsusi təyinatlı bölmələrdən istifadə olunduğu, çoxsaylı saxlanılmaların həyata keçirildiyi bildirilir.
Rəsmi dairələr əhaliyə “sükut və dialoq” çağırışları etsə də, hakimiyyət orqanları indiyədək böhranın aradan qaldırılması ilə bağlı konkret iqtisadi və ya sosial yol xəritəsi təqdim etməyib. Bu isə narazılığı daha da artırır.
Analitiklərin fikrincə, İranda etirazların uzunmüddətli xarakter alması iqtisadi problemlərin təkcə qısamüddətli dalğalanma deyil, sistemli böhran mərhələsinə keçdiyini göstərir. Ekspertlər xəbərdarlıq edirlər ki, hakimiyyət real islahat addımları atmadığı təqdirdə, etirazların miqyası daha da genişlənə bilər.
Polise.az



