İsrail 2026-cı ilə hazırlaşır: eyni anda üç yeni müharibə ssenarisi gündəmdə

Yaxın Şərqdə gərginliyin daha da dərinləşəcəyi ilə bağlı ciddi siqnallar verilir.
Musavat.com xəbər verir ki, İsrailin aparıcı televiziya kanallarından biri olan “Channel” 12 hökumətdə yüksək vəzifə tutan mənbələrə istinadla 2026-cı illə bağlı son dərəcə narahatedici proqnoz yayıb.
Məlumata görə, İsrailin təhlükəsizlik və siyasi dairələrində 2026-cı ildə bir neçə istiqamətdə paralel müharibə ehtimalı real ssenari kimi müzakirə olunur. Proqnozda üç əsas istiqamət xüsusi qeyd edilir:
İordan çayının qərb sahili (Fələstin Muxtariyyəti) – daxili sabitliyin tam itirilməsi və silahlı toqquşmaların genişmiqyaslı mərhələyə keçməsi riski;
Livan – “Hizbullah”la uzunmüddətli və daha ağır müharibə ehtimalı;
İran – birbaşa və ya dolayı hərbi qarşıdurmanın açıq müharibə səviyyəsinə yüksəlməsi ssenarisi.
“Channel 12”-nin mənbələrinin bildirdiyinə görə, İsrail hakimiyyəti regionda formalaşan yeni geosiyasi reallıqları, İranın təsir dairəsinin genişlənməsini və şimal cəbhəsində artan təhlükəni nəzərə alaraq 2026-cı ili kritik dönüm nöqtəsi kimi qiymətləndirir.
Qeyd olunur ki, söhbət rəsmi müharibə elanından deyil, təhlükəsizlik planlaşdırmasında “qaçılmaz risklər” kimi qəbul edilən ssenarilərdən gedir. Lakin bu proqnozun özü belə Yaxın Şərqin qarşıdakı illərdə daha böyük hərbi sarsıntılarla üz-üzə qala biləcəyini göstərir.
Polise.az



