Maduronu yaxalayan, Eskobarı güllələyən “Delta Force” – amansız əsgərlər…

ABŞ səhər saatlarında Venesuela ərazisində sürpriz bir əməliyyat həyata keçirdiyini elan edib. Prezident Donald Tramp Venesuela lideri Nikolas Maduro və onun həyat yoldaşının ələ keçirildiyini bəyan edib. Rəsmi məlumata görə, bu riskli missiyanı ABŞ-ın xüsusi tapşırıqlar üzrə elit bölməsi olan “Delta Force” icra edib.
ABŞ administrasiyasının bəzi rəsmiləri “CBS News”-a açıqlamalarında əməliyyatın məhz “Delta Force” tərəfindən həyata keçirildiyini təsdiqləyiblər. Lakin Maduronun harada saxlanıldığı, hara aparıldığı və əməliyyatın necə reallaşdığı barədə hələ də dəqiq informasiya yoxdur. Bu məlumat boşluğu isə spekulyasiyaları artırır və iddianı daha da maraqlı edir.
![Члены Delta Force прибывают на место, где ИГИЛ атаковало больницу Дашт-и-Барчи. Кабул, Афганистан, 12 мая 2020 года [1800×1440] : r/MilitaryPorn](http://preview.redd.it/delta-force-members-arrive-at-the-site-where-isis-stormed-v0-9axid8nbhm0d1.jpeg?width=1080&crop=smart&auto=webp&s=bb8202a519f8d20ad46ed8300905cf5bab94b1f0)
“Delta Force” adını çox az eşitdiyimiz, lakin dünyada ən çox əfsanə və miflərlə əhatə olunmuş xüsusi təyinatlı birlikdir. Rəsmi adı “Birinci xüsusi təyinatlı qüvvələrin operativ dəstəsi – Delta” olan bu bölmə ABŞ ordusunun ən məxfi strukturudur və yalnız ən yüksək riskli tapşırıqlar üçün istifadə olunur. Terrorla mübarizə, girovların azad edilməsi, strateji hədəflərin tutulması və ya zərərsizləşdirilməsi – “Delta Force”-un üzərinə qoyulan missiyalar məhz belə sahələri əhatə edir.
Bu birlik özünü həm real həyatda, həm də populyar mədəniyyətdə fərqli obrazlarla simvolizə edib.
1986-cı ildə kinoya köçürülmüş “The Delta Force” filmində Çak Norris baş rolda çıxış edərək bu qurumun sanki “amansız qəhrəmanlar” kimi təqdim olunmasını təmin edib.
Bundan başqa, “Delta Force”un uydurma missiyalarını mövzu edən video oyunlar da bu bölmənin “əfsanəvi” obrazını daha da gücləndirib.
Lakin real həyat Hollivud deyil. “Delta Force”un keçmiş missiyalarına baxdıqda, bu elitliyə nə üçün seçildiyini daha yaxşı anlaya bilərik. 1991-ci ildə Körfəz müharibəsi və 2003-cü ildə İraqın işğalı zamanı bu bölmə mühüm rollar oynayıb, “Əl-Qaidə” ilə mübarizədə uzunmüddətli əməliyyatlar həyata keçirib. Hətta İraq diktatoru Səddam Hüseynin tutulması da “Delta Force”un adı ilə bağlıdır. Latın Amerikası kontekstində isə kolumbiyalı narkobaron Pablo Eskobarın izlənməsi və Panama diktatoru Manuel Noryeqanı ələ keçirmə kimi təhlükəli missiyalarda da bu birlik iştirak edib.

Tarixi təcrübələr həm uğurları, həm də uğursuzluqları əhatə edir. 1980-ci ildə İranda girovların azad edilməsi üçün həyata keçirilən “Eagle Claw” əməliyyatı uğursuzluqla nəticələnsə də, sonradan bu hadisə “Argo” və “Desert One” kimi filmlərdə təsvir olunub. 1993-cü ildə Somalidəki Moqadişu hadisəsi isə “Black Hawk Down” adlı məşhur filmə mövzu olub. 2019-cu ildə isə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhv edildiyi əməliyyat “Delta Force” komandalarının iştirakı ilə icra edilib.
“Delta Force” döyüşçülərinin hazırlığı da adi hərbçilərdən tam fərqlidir. Onlar əsasən Şimali Karolinadakı Fort Bragg bazasında xüsusi təlimlərdən keçir, səssizlik və iz qoymamaq bacarığı ilə seçilirlər. Açıq mənbələrdə yayılan bəzi xatirələr göstərir ki, onlar eyni zamanda aktiv müharibə zonalarında, həm də döyüş sonrası xaos şəraitində surətli və özünəməxsus üsullarla əməliyyatlar aparmaq gücünə malikdirlər.
“Delta Force” tez-tez başqa elit xüsusi təyinatlı birliklərlə də müqayisə olunur.
Məsələn, 2011-ci ildə Usamə bin Ladenin öldürülməsi missiyasını icra edən “SEAL Team 6” dünya mediasında böyük rezonans doğurdu. Hər iki bölmə ABŞ üçün strateji əhəmiyyətli əməliyyatlar həyata keçirir, lakin “Delta Force” daha çox daxili təhlükəsizlik, girovların tutulması və yüksək profilli hədəflərə qarşı fəaliyyət göstərən bir güc kimi seçilir.\Şahanə RəhimliMusavat.com\
Polise.az



