Maduro ilə birgə tutulan arvadının kokain qoxulu DOSYESİ

ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronu gecəyarısı Karakasdan Nyu-Yorka aparması dünyada misilsiz əməliyyatdır. Həyat yoldaşının da onunla birgə tutulmasının isə çox ciddi hekayəsi var.
Vaşinqton Maduronu narkotik qaçaqmalçılığında, transmilli cinayət şəbəkəsi yaratmaq və dövlət resurslarını cinayət məqsədilə istismar etməkdə ittiham edir. Bu kokain qoxulu dosyenin mərkəzində dayanan təkcə Maduro deyil. ABŞ kəşfiyyatının illərdir üzərində işlədiyi əsas fiqur Maduronun həyat yoldaşı Siliya Flores idi. Venesuelada onu “Primera Combatiente”, yəni “Birinci döyüşçü” adlandırırdılar. Bu titul təsadüfi deyildi. Nikolas Maduro Venesuela hakimiyyətinin vitrini idi. Flores isə əsas fiqur olmaqla bütün hakimiyyəti nəzarətdə saxlayırdı.
Hugo Çaves dövründən etibarən Venesuela siyasətinin mətbəxində olan Siliya Flores bu rejimin hüquqi memarı sayılır. Flores Çavesin 1994-cü ildə uğursuz çevrilişdən sonra həbsdən çıxarılmasını təmin edən vəkil, daha sonra Milli Assambleyanın sədri, ardınca isə bütün məhkəmə sisteminə nəzarət edən məmur olub. Maduro prezident olanda Flores artıq hakimiyyətin əsas fiquruna çevrilmişdi.

ABŞ kəşfiyyatı Venesuela rejimini uzun illər “diktatura” kimi deyil, “ikili prezidentlik” kimi təsvir edirdi. Bir tərəfdə tribunadan danışan, televiziyaya çıxan, xalq qarşısında şou göstərən Maduro, digər tərəfdə isə hakimləri, prokurorları, maliyyə axınlarını və kadr siyasətini idarə edən Flores dayanırdı.
2015-ci ildə ABŞ-də baş verən bir hadisə bu ailə rejiminin mahiyyətini açdı. Siliya Floresin 2 yaxın qohumu Haitidə 800 kiloqram kokaini ABŞ-a daşımağa cəhd edərkən həbs olundu. Sonradan Floresin yaxınlarının ABŞ məhkəməsində verdikləri ifadələrdən aydın oldu ki, narkotikdən əldə edilən pullar Maduronun siyasi hakimiyyətini qorumaq üçün nəzərdə tutulub. Bu artıq tək-tük korrupsiya faktı deyil, dövlət səviyyəsində qurulmuş narkotik maddı daşınmasl idi.
Vaşinqton üçün bundan sonra daha çox Floresin üzərində fokuslandı. 2018-ci ildə ABŞ Maliyyə Nazirliyinin ona qarşı fərdi sanksiya tətbiq etməsi təsadüf deyildi. Dövlət başçısının həyat yoldaşına sanksiya tətbiq edilmısi real təhlükədən xəbər verirdi.

İndi yayılan məlumatlara görə, Maduro ilə yanaşı Siliya Floresin də saxlanılaraq ABŞ-a aparılması məhz bu səbəbdəndir. Kəşfiyyat məlumatları göstərir ki, ofşor hesabların açarları, oğurlanmış dövlət vəsaitlərinin marşrutları, Türkiyə, Rusiya və Çində gizlədilən milyardların xəritəsi məhz Floresin əlindədir. Generallar narkotik daşıyırdısa, pullar Floresin masasında qurulan sxem üzərindən yuyulurdu. Bu sxemlər yəqin ki, Maduro və Flores üzərində qurulacaq məhkəmə proseslərinin araşdırma mövzusu olacaq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com



