Bəşəriyyət üçün təhlükəli və xaotik gələcəyin mesajı verildi

ABŞ-nin Venesueladakı hüquqsuz əməliyyatı beynəlxalq hüququn ayaqlar altına atılması, işğal cəhdi və bir millətin ləyaqətinə təcavüzdür!
Trampın Venesuela neftini sataraq ABŞ-nin borclarını ödəyəcəklərini bəyan etməsi kolonial talan niyyətinin etirafıdır
2026-cı il dünya ictimaiyyəti üçün şokla başladı desək, yəqin yanılmarıq. ABŞ silahlı qüvvələri gecə yarısı – ölkə əhalisinin yuxuda olduğu bir vaxtda Venesuela ərazisinə hərbi zərbələr endirdikdən sonra Prezident Nikolás Maduro və həyat yoldaşı Cilia Floresu, sözün həqiqi mənasında, oğurlayaraq əvəlcə Amerikanın “İvo Jima” gəmisinə, oradan isə Nyu-Yorka həbsxanaya apardı. Həm də əli qandallı, gözü bağlı – alçaldılmış şəkildə. ABŞ rəhbərliyi bu addımı narkoticarət və korrupsiya da daxil olmaqla bir sıra ağır cinayət ittihamlarla əlaqələndirib. ABŞ prezidenti Donald Trump hətta bunuı “qanuni əməliyyat” və “təhlükəsizlik tədbiri” kimi təqdim edib, həmçinin Venesuelada “ədalətli keçid” üçün müvəqqəti idarəetmə qurmaq niyyətində olduğunu bildirib.
Ancaq hamıya məlumdur ki, ABŞ tərəfindən Venesuela Prezidenti Nikolas Maduronun zorakılıq yolu ilə ələ keçirilməsi və hakimiyyətdən uzaqlaşdırılması sadəcə siyasi əməliyyat deyil. Bu hadisə müasir dövrdə beynəlxalq hüququn açıq şəkildə tapdanmasının, dövlət suverenliyinə hörmətsizliyin və imperialist düşüncənin yenidən dirçəldilməsinin bariz nümunəsidir. Bu, bir dövlətin digər bir dövlətə qarşı qanunsuz işğal cəhdi, bir xalqın isə alçaldılmasıdır. Maduronun əli qandallı, gözü bağlı formada fotolarının yayılması da bunu bütün dünyaya nümayiş etdirməkdir. Açıq şəkildə mesaj verilir ki, bizə tabe olmayanlar bu şəkildə alçaldıcı münasibətlə üzləşəcək!
Bu hadisə bir daha göstərdi ki, ABŞ üçün “demokratiya”, “insan hüquqları”, “qanunun aliliyi” anlayışları yalnız öz maraqlarına xidmət etdikdə mövcuddur. Maraqlar toqquşduğu anda isə bu anlayışlar rahatlıqla kənara atılır, yerini güc, zor və talan siyasəti tutur.
Qlobal təhlükəsizlik üçün son dərəcə təhlükəli presedent
BMT Nizamnaməsinin 2-ci maddəsi dövlətlərin ərazi bütövlüyünü və siyasi müstəqilliyini toxunulmaz elan edir və güc tətbiqini, bir dövlətin başqa bir dövlətin ərazisinə hərbi müdaxilə etməsini qadağan edir. Bu prinsip BMT Nizamnaməsinin əsas sütunlarından biridir. BMT Nizamnaməsi dövlətlərin ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumağı tələb edir və “güc tətbiqi” yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə və ya özünü müdafiə halları ilə məhdudlaşır. ABŞ bu kimi hüquqi əsasları təqdim etməyib. ABŞ-ın belə qərar almadan hərbi əməliyyat keçirməsi bu prinsipə açıq ziddir və qanuniləşdirilə bilməz.
Başqa sözlə, ABŞ-ın Venesuela ərazisində hərbi əməliyyat keçirməsi, dövlət başçısını zorla ələ keçirməsi bu prinsipin tamamilə rədd edilməsi deməkdir. Bu, nə özünümüdafiədir, nə BMT Təhlükəsizlik Şurasının sanksiyasıdır, nə də beynəlxalq hüquqla əsaslandırıla bilən istisna haldır. Bunun adı açıq “dövlət piratlığıdır”. Dövlətlərarası münasibətlər sistemində belə bir davranışın normallaşdırılması beynəlxalq nizamın tam çöküşü deməkdir.

Əgər bir dövlət digərinin prezidentini istədiyi zaman “cinayətkar” elan edib zorla aparırsa, sabah bu aqibət istənilən ölkəni gözləyə bilər. Bu presedent qlobal təhlükəsizlik üçün son dərəcə təhlükəlidir.
Təsadüfü deyil ki, bir çox beynəlxalq hüquq ekspertləri də bu hərəkəti suveren dövlətin daxili işlərinə hərbi müdaxilə kimi səciyyələndirir. Həıtta bu hərbi əməliyyatı beynəlxalq hüququn “ayaqlar altına alınması”, “dövlət terrorizmi” kimi səciyyələndirənlər də var.
Venesuelaya suveren dövlət kimi yox, qənimət kimi baxılır
ABŞ rəsmilərinin Venesuela nefti ilə bağlı açıq bəyanatları bu əməliyyatın əsl mahiyyətini ifşa edir. Məsələ nə demokratiyadır, nə insan hüquqları, nə də hüquqi məsuliyyət. Məsələ neftdir, Venesuelanın zəngin təbii sərvətlərini ələ keçirməkdir.
Qeyd edək ki, Venesuela dünyada sübut olunmuş neft ehtiyatlarının həcminə görə birinci yerdə qərarlaşır, sübut olunmuş neft ehtiyatları təxminən 303,8 milyard barrel təşkil edir. Sübut olunmuş təbii qaz ehtiyatları 5,6 trilyon kubmetrdən çoxdur. Ümumi dəmir filizi ehtiyatları 4,5 milyard ton səviyyəsində qiymətləndirilir ki, ABŞ rəhbərliyi bunları ələ keçirmək istədiyini gizlətmir.
ABŞ prezidenti açıq şəkildə bəyan edir ki, “Venesuela neftini sataraq ABŞ-nin borclarını ödəyəcəyik” . Bu, artıq diplomatiya deyil, kolonial talan dilidir. Bu, XXI əsrdə XX əsrin imperialist ritorikasının utanmadan təkrarıdır.

Bu yanaşma Venesuelanı suveren dövlət yox, qənimət kimi görən düşüncənin məhsuludur. Və təbii ki, beynəlxalq hüququn deyil, müstəmləkə təfəkkürünün ifadəsidir.
Eyni zamanda Trampın Venesueladakı əməliyyatı Putinin Uktraynaya təcavüzünə tam haqq qazandırmasıdır. Kim bilir, bəlkə Alyaskada razıladırılıb – sən Ukraynanı, mən Venesuelanı!
Venesuela xalqının ləyaqətinə zərbə
Prezidentin hərbi əməliyyatla tutulması və xaricə aparılması eyni zamanda Venesuela xalqının öz siyasi gələcəyini müəyyən etmək hüququnu birbaşa təsir edir. Düzdür, ölkə daxilində Maduroya münasibət birmənalı deyil. Onun avtoritar rejim qurduğunu bildirənlər də kifayt qədərdir. Ancaq bütün hallarda bu addım ölkənin daxili siyasi prosesinə müdaxilə kimi qiymətləndirilir və sivil hüquqlara hörmətsizlik kimi qəbul edilir. Prezidentin taleyi ilə bağlı qərarları Venesuela xalqı verməlidir. Heç bir xarici dövlətin bir millətin siyasi gələcəyini zorla müəyyən etməyə haqqı yoxdur.

Maduroya münasibət Venesuela daxilində müzakirə edilə bilər, seçkilərlə, hüquqi mexanizmlərlə həll oluna bilər. Lakin xaricdən tank və raketlə hakimiyyəti dəyişmək cəhdi ölkəyə demokratiya gətirməyə deyil, işğala cəhd hesab olunur.
Bu addım Venesuela xalqına açıq mesajdır:“Sizin seçiminizin heç bir əhəmiyyəti yoxdur.”
Tramp bunu da gizlətmir. Venesuela xalqın seçdiyi şəxsin deyil, “bizim adamlar idarə edəcək” seyir. Hətta ABŞ ordusunun da Venesuelaya yerləşəcəyini, etiraz olarsa ikinci əməliyyatı keçirəcəklərini bildirir.
Bu isə təkcə siyasi yox, mənəvi zorakılıqdır. Bu, bir millətin ləyaqətinə, özünüidarə hüququna, tarixi iradəsinə qarşı təcavüzdür.
Fransa Xarici İşlər Nazirliyi bununla bağlı bəyanatı bui baxımdan hadisəyə verilmiş ən doğru qiymət sayıla bilətr. Sitat: “Maduronun hakimiyyətdən uzaqlaşdırılması və suverenliyin pozulması Venesuela xalqının ləyaqətinə və öz gələcəyini müəyyən etmək hüququna qarşı ciddi təcavüz aktıdır. Maduronun həbsi beynəlxalq hüquqa əsasən güc tətbiq etməmək prinsipini pozur. Venesuelaya xaricdən uzunmüddətli siyasi həll yolu tətbiq edilə bilməz, yalnız Venesuela xalqı öz gələcəyini müəyyən edə bilər”.
Beynəlxalq ictimaiyyətin sükutu – cinayətə şəriklik
Bu cür bəyanatlara baxmayaraq, ABŞ-nin təcavüz xarakterli əməliyyatına qarşı beynəlxalq reaksiyalar yetərincə sərt deyil. BMT Baş katibi və bir sıra beynəlxalq təçkilatlar bu hadisənin “təhlükəli presedent” yaratdığını və beynəlxalq hüququn aliliyini qorumağa çağırdıqlarını bəyan ediblər. Təhlükəsizlik Şurası isə bu məsələni müzakirə etməyi planlaşdırır. Bəzi ölkələr ABŞ-ın addımını “yumşaq ifadələrlə” pisləyib və Venesuelanın suverenliyinin pozulduğunu bəyan edib, bəziləri isə səssiz qalmağa üstünlük veriblər.

Bütün dünyanı ayağa qaldırmalı olan bu hadisə ilə bağlı etiraz səslərinin belə zəif çıxmasının əsas səbəbi heç şübhəsiz çoxlarının ABŞ-ni qarşısına almaqdan çəkinmsidir. Ancaq açıq təcavüz qarşısında dünyanın böyük dövlətlərinin belə bir çoxunun susqunluğu, bəzilərinin isə “keçid dövrü” kimi yumşaq ifadələrdən istifadə etməsi təhlükəli ikili standartların göstəricisi sayılmaldır. Bu, haqlının güclü deyil, güclünün haqlı olduğunun beynəlxalq səviyyədə qəbul edilməsidir.
Əgər beynəlxalq hüquq yalnız güclsüzlər üçün işləyirsə, hərbi gücü olan dövlətlər onu istədiyi vaxt poza bilirsə, deməli, bu artıq hüquq yoxdur. Bu yanaşma, bu susqunluq sabah daha böyük münaqişələrin, daha qanlı qarşıdurmaların əsasını qoyur.
Hüquqsuzluq normaya çevrilərsə…
Beləliklə, hansı şəkildə tədim edilməsindən asılı olmayaraq ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi bu əməliyyat: beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır, dövlət suverenliyinə qarşı işğal cəhdidir, enerji resurslarının zorla ələ keçirilməsinə yönəlmiş müstəmləkə siyasətdir.

Bu, eyni zamanda bir millətin ləyaqətinə və öz müqəddəratını təyin etmək hüququna təcavüzdür. Əgər dünya bu davranışı qəbul edərsə, sabah beynəlxalq hüquq kitabları muzey eksponatına çevriləcək. Qlobal nizam isə qanunun gücünə deyil, güclünün “qanununa” tabe olacaq. Bu isə bəşəriyyət üçün təhlükəli, ədalətsiz və xaotik gələcəyin başlanğıcıdır.\İ. İsmayılbəyli“Azpolitika.info”\
Polise.az



