Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa dəstək verən əsas ölkələrdən biridir.

“Bilirsiniz, mən dəfələrlə Ermənistanı güclü şəkildə dəstəkləyən və daim Ermənistan üçün geosiyasi baxımdan çətinliklərdən, guya bəzi ölkələrin onun maraqlarına zərər vurmaq istəməsindən şikayət edən bir qrup ölkənin liderləri ilə görüşərkən həmişə deyirəm: “ÜDM-ə baxın və Rusiya ilə ticarət dövriyyəsinə baxın”. Rusiya–Ukrayna müharibəsi başlayanda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard ABŞ dolları idi. İki il sonra isə bu rəqəm 12 milyard dollara çatdı. Bu, artıq hər şeyi açıq şəkildə göstərir”.

Musavat.com bildirir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib və Ermənistanın sanksiyalardan yayınmaqda Rusiyaya kömək etdiyini xatırladıb.

Dövlət başçısı Qərbdən buna görə İrəvana heç bir söz deyilmədiyini açıqlayıb:

“Bu, sanksiyalardan yayınma mexanizmidir – onların dediyi kimi, paralel idxal və ya “boz zona” idxalıdır. Lakin nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyasında heç kim bu barədə bir söz belə demədi, nə Ermənistanı qınadı, nə də ümumiyyətlə, sanksiyalar mövzusuna toxundu. Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbulediləndir. Bizim ÜDM-in artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə deyil, – biz bunu etmirik, – o, iqtisadi fəaliyyətimizin real nəticələri hesabına artır”.

Sanksiya oyununun növbəti PƏRDƏSİ – Qərb Ermənistanın milyardlar qazanmasına yenə GÖZ YUMUR...

Ukraynada işğalçı hərəkətlərinə görə Avropa Birliyi Rusiyaya 18 sanksiya paketi tətbiq edib, bu ölkədən neft-qaz asılılığını azaltmaqdadır. Digər tərəfdən isə Aİ-nin dəstəklədiyi Ermənistan Rusiyaya sanksiyaları yarmaqda köməklik göstərir. Son məlumatlara görə, Ermənistan şirkətləri Rusiyaya qızıl ticarəti sahəsində də Qərb sanksiyalarından yan keçməyə kömək edir. Lakin qızıl ölkədə qalmır, BƏƏ-ə ixrac edilir. Eyni zamanda, BƏƏ-dən Ermənistana ehtimal ki, nağd pul və qiymətli kağızlar axını gedir. Bildirildiyinə görə, Rusiya biznesinin qızıl ticarətini Ermənistan vasitəsilə aparması sərfəlidir, çünki ölkədə qızıla ixrac rüsumu tətbiq edilmir və fiziki şəxslər vasitəsilə ticarət, sanksiyalardan yan keçməyə imkan verir. Ancaq ötən il ticarət dövriyyəsində azalma olub. Ermənistanın Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ilin 10 ayı ərzində Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 5,72 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,8% azalma deməkdir. Ermənistandan ixrac 9,2% azalaraq 2,38 milyard dollar olub, Rusiyadan idxal isə 3,48 milyard dollar təşkil edib ki, bu da 58,3% eniş deməkdir. Ancaq yenə də İrəvan Moskvaya sanksiyaları dəlməkdə dəstəyi davam etdirir.

Bəs niyə Qərb İrəvana “gözün üstə qaşın var” demir?

Siyasi ekspert Oqtay Qasımov Musavat.com-a bildirib ki, Ermənistan Rusiyaya sanksiyalardan yayınmaqda əsas dəstək verən ölkələrdən biridir. Onun sözlərinə görə, Prezident doğru deyib ki, 2021-ci illə müqayisədə üç ildə iki ölkənin ticarət dövriyyəsi beş dəfə artıb və bu təbii hal deyildi:

“Xüsusən ikili təyinatlı malların, qızıl və almaz kimi bahalı daşların dünya bazarına çıxarılmasında Ermənistan rol oynayıb. Həmçinin məişət texnikasının Rusiyaya çatdırılmasında Ermənistan iştirak edib. Bu da ciddi bir dəstəkdir. Hətta Paşinyan Almaniyada olanda bu barədə ona sual verildi, amma erməni baş nazir mövzudan yayındı. Həmçinin ABŞ dövlət katibinin müavini olmuş Ceyms O,brayen bu məsələni İrəvanda açıqlamışdı. O, erməni rəsmilərə bəzi mesajlar çatdırmışdı. Sadəcə, ABŞ Ermənistan barədə ciddi addım atmadı. Bunu Avropa Birliyi də gözəl bilir”.

Onun fikrincə, Aİ kəşfiyyat missiyasını Ermənistana yerləşdirmək üçün bu fakta göz yumdu: “Ümumiyyətlə, Qərbin Ermənistana həmişə xüsusi qayğısı olub”.

O.Qasımov onu da qeyd edib ki, bu münasibət təsadüfi deyil: “Avropa İttifaqı Ermənistan üzərindən Cənubi Qafqazda təsirini gücləndirir. Nəticədə kəşfiyyat missiyası Ermənistanda yerləşdirilib, son olaraq strateji sənəd imzalanıb, 2024-cü ilin aprelində isə Brüsseldə “Marşal planı” işə salınıb. Bunun ardınca Ermənistana təkcə iqtisadi deyil, hərbi-siyasi dəstəyi qeyd edə bilərik. Məsələn, Fransa Ermənistanla birgə hərbi təlimlər keçirib. Yəni Qərb Rusiyanın sanksiyalardan yayınmasına kömək edən Ermənistana əlahiddə münasibət bəsləyir və onun addımlarını görməzdən gəlir. Məqsəd odur ki, Ermənistan qazanc əldə etsin, amma inteqrasiya, siyasi məsələlərdə Avropa ilə işləsin”.\Emil SalamoğluMusavat.com\

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button