SSRİ-ni raket hücumundan qoruyan – alim Brejnevə “nüvə portfeli”ni idarə etməyi öyrədib

ABŞ-nin nüvə hücumundan müdafiə məsələsi SSRİ-də 1960-cı illərdə, “soyuq müharibə”nin qızğın çağında kəskinləşib. O vaxta qədər amerikalılar sovet ərazisinə çata bilən ballistik raketlərə sahib olublar. Onlar Yaponiyada artıq nüvə silahından istifadə ediblər, yenidən istifadə edib-etməyəcəklərinə dair heç bir zəmanət olmayıb.
Kütləvi raket hücumuna qarşı effektiv müdafiə yaratmaq da qeyri-mümkün görünüb. Daha doğrusu, o dövrdə mövcud olan bilik və texnologiyanı nəzərə alsaq, qeyri-mümkün olub. Prinsipcə, yeni bir həll lazım olub. Bir qrup görkəmli alim və konstruktor 1970-ci ildə Moskva yaxınlığındakı “Qolubıe dali” pioner düşərgəsində toplaşıb. Onlar vəziyyətdən çıxış yolu təklif edənə qədər orada qalıblar.

“Orada atam Vladislav Repin də daxil olmaqla yeddi nəfər olub. Onlar 12 gün pioner düşərgəsində qalıblar. Atam yer üzündə sülhün qorunması üçün mühüm əhəmiyyət kəsb edən raket hücumu xəbərdarlığı sisteminin yaradılmasını müdafiə edib. Nəhayət, məhz bu ideya dövlətimizin müdafiə siyasətinin əsasına çevrilib”, – İrina Repina bildirib.
Həmin vaxt 36 yaşı olan Repin artıq görkəmli alim hesab olunub. O, universiteti bitirdikdən iki il sonra namizədlik dissertasiyası, dörd ildən sonra isə doktorluq dissertasiyası müdafiə edib. Onun Moskva Fizika-Texniki İnstitutunu seçməsi maraqlı olub. Vladislav qızıl medalçı kimi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna imtahansız qəbul edilib. Amma institutun qəbul komissiyasında o, Fizika İnstitutunun yaradılması haqqında elan görüb və impulsiv olaraq sənədlərini MDBMİ-dən götürərək, Fizika İnstitutuna daxil olub.

İrina Vladislavovna bir gün səhər atasının hamama getdiyini və axşama qədər yoxa çıxdığını xatırlayıb: “Anam hər şeydən narahat idi. Nəhayət, o, göründü: “Renoçka, mən bu problemi həll etdim!” O, buxar otağında düşüncələrə dalmışdı və hamam bağlanana qədər yer-hava raketi üçün radio ilə idarə olunan qoruyucu hesablamışdı”. Repin və komandasının illərdir üzərində işlədiyi raket hücumu xəbərdarlığı sisteminin ilk sınağı insidentsiz ötüşməyib. Sınaqdan bir neçə saat əvvəl baş konstruktora sistemin komponentlərindən birinin sıradan çıxması barədə məlumat verilib. Tez bir zamanda müəyyən olunub ki, günahkar torpaq qazan və kabel kəsən ekskavatordur.
Dövlət sınaqları uğurla keçib. Vladislav Repin ilk sovet “nüvə portfeli”nin yaradılmasında öz töhfəsini verib. Leonid Brejnevə bu texnologiyadan necə istifadə etməyi öyrədən də Repin olub. Alim bu barədə xatirlərini bölüşüb: “1977-ci ildə Brejnev məni yanına çağırıb saat yarım sorğu-sual etdi. Bilirsiz, nədən danışırdı? Məndən raket hücumu vəziyyətinin qiymətləndirilməsinin etibarlılığını və müxtəlif xəbərdarlıq siqnallarının necə işlədiyini, nə üçün onlardan bəziləri yalnız artan diqqət tələb edir, digərləri isə geridönməz nəticələrə səbəb olan hərəkətləri tələb edir?. Özüm bu cür suallar qarşısında valeh olmuşdum”.

Görüşdən sonra Repin belə qənaətə gəlib ki, Brejnevin “dəlilik halına gəlməsi” ilə bağlı şayiələr yalandır. Onun baş katiblə sonuncu görüşü 1980-ci ildə olub. Bu dəfə isə Brejnev böyük maraq və tam aydınlıq nümayiş etdirib.
2014-cü ildə Moskvada konstruktor Vladislav Repinin xatirə lövhəsinin açılışı zamanı Rusiya müdafiə nazirinin müavini (hazırda baş nazirin müavini – red.) Yuri Borisov qeyd edib: “Repinin dühası ballistik obyektlərin aşkarlanması ideyalarını nəzəri cəhətdən əsaslandırmağa və sonra praktiki olaraq təsdiq etməyə imkan verib. Eyni zamanda ölkəmiz bununla da müdafiəni təmin etməyə və nüvə hücumu təhlükəsinin qarşısını almaq və ona qarşı mübarizə aparmağa imkan verib”.\İlkin Nəcəf, xüsusi olaraq Musavat.com\
Polise.az



