Rza Pəhləvidən yeni çağırış: “Küçələri tərk etməyin”

İranın mühacirətdə yaşayan vəliəhdi Rza Pəhləvi ölkədə davam edən etirazlarla bağlı xalqa növbəti müraciətini edib.
Moderator.az milli.az-a istinadla xəbər verir ki, Pəhləvi çıxışında kütləvi aksiyaların hakimiyyətin mövqelərini ciddi şəkildə zəiflətdiyini bildirib. Onun sözlərinə görə, İslam Respublikası küçələrə çıxan milyonlarla insana qarşı durmaq üçün kifayət qədər qüvvəyə malik deyil.
Rza Pəhləvi qeyd edib ki, ona daxil olan etibarlı məlumatlara əsasən, təhlükəsizlik strukturlarında ciddi çatışmazlıq yaranıb. Bir çox təhlükəsizlik əməkdaşı vəzifələrini tərk edib və ya etirazçıları dağıtmaqla bağlı verilən əmrlərə tabe olmaqdan imtina edib.
Pəhləvi vurğulayıb ki, ali rəhbər Əli Xameneinin ixtiyarında əsasən İran xaricindən gətirilmiş, xalqı öz düşməni hesab edən və zorakılığa meylli azsaylı muzdlu qruplar qalıb. O, bu şəxslərin törətdikləri əməllərə görə cavab verməli olacaqlarını bildirib.
Vəliəhd bu gün saat 18:00-da vətəndaşları yenidən etiraz aksiyalarına qoşulmağa çağırıb. O, insanlardan ailə üzvləri və dostları ilə birlikdə şəhərlərin əsas küçələrinə qruplar halında çıxmağı, bir-birindən ayrılmamağı və təhlükəli yan küçələrdən uzaq durmağı xahiş edib.
“Mübarizədə tək deyilsiniz. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənləriniz sizin səsinizi ucaldır. Bu gün beynəlxalq ictimaiyyət İran xalqının milli hərəkatının yanındadır və göstərdiyiniz cəsarəti yüksək qiymətləndirir”, – deyə Pəhləvi bildirib.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın İran xalqının cəsarətini izlədiyini və dəstək verməyə hazır olduğunu bəyan etdiyini vurğulayıb.
“Küçələrdən çəkilməyin. Qəlbim sizinlədir. İnanıram ki, tezliklə sizinlə bir yerdə olacağam”, – deyə vəliəhd müraciətini yekunlaşdırıb.
Qeyd edək ki, İranda hökumət əleyhinə aksiyalar artıq 14 gündür davam edir və etirazlar ölkənin bir çox şəhərlərini əhatə edib. Qarşıdurmalar nəticəsində indiyədək 116 nəfərin həyatını itirdiyi bildirilir.
Polise.az



