Azərbaycan yeni hərbi ittifaqa qoşulur…

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı arasındakı hərbi ittifaqa qoşula bilər. Bu barədə “Blumberq“ nəşri məlumat yayıb. Məlumata görə, ölkələr arasında danışıqlar aparılıb və yaxın vaxtda razılaşma əldə oluna bilər. Qeyd edək ki, ötən ilin sentyabrında Səudiyyə Ərəbistanı və Pakistan hərbi ittifaq yaradıb. Belə ki, bu ölkələrdən hər hansı birinə hücum olarsa, iki ölkə birgə hərəkətə keçəcək. Nəzərə alsaq ki, həm Türkiyə, həm də nüvə dövləti Pakistan Azərbaycana qardaş ölkələr və hərbi-siyasi müttəfiqlərdir, üstəlik, Səudiyyə ilə də yaxşı əlaqələrimiz var, o zaman sual yaranır: Azərbaycan bu ittifaqa qoşula bilərmi və o halda qazancımız nə olar?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib ki, Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı arasındakı hərbi ittifaqa qoşula bilər:

“Bu yöndə danışıqların getməsi barədə məlumatlar yayılıb. İddia olunur ki, yaxın vaxtda razılaşma əldə oluna bilər. Türkiyə NATO üzvü olsa da, alternativlərə yönəlməkdə maraqlı görünür. Buna səbəb kimi, xüsusilə ABŞ-nin Qrenlandiya iddiası, Fransanın yenidən NATO-dan çıxmaq istəyi, Avropa ilə ABŞ arasındakı gərginlik və sonda NATO-nun belə parçalanma ehtimalı var. Ona görə də Türkiyə bu təklifi kəsib atmayacaq. Ötən ilin sentyabrında Səudiyyə Ərəbistanı və Pakistan hərbi ittifaq yaradıb. Belə ki, bu ölkələrdən hər hansı birinə hücum olarsa, iki ölkə birgə hərəkətə keçəcək”.

Ekspertin fikrincə, nəzərə alsaq ki, həm Türkiyə, həm də nüvə dövləti Pakistan Azərbaycana qardaş ölkələr və hərbi-siyasi müttəfiqlərdir:

“Üstəlik, Səudiyyə ilə də yaxşı əlaqələrimiz var, o zaman sual yaranır: Azərbaycan bu ittifaqa qoşula bilərmi və o halda qazancımız nə olar?

Dünyada və regionda baş verən sürətli geosiyasi dəyişikliklər dövlətləri yeni müdafiə modelləri və strateji tərəfdaşlıqlar qurmağa sövq edir. Azərbaycan üçün bu proses təkcə kənar bir xəbər deyil, həm də ölkəmizin milli təhlükəsizlik maraqlarına birbaşa təsir edən fundamental bir hadisədir. Azərbaycanın belə bir ittifaqın bir hissəsi olması və ya onunla yaxın koordinasiyada fəaliyyət göstərməsi, Bakının regiondakı statusunu və çəkindiricilik imkanlarını yeni bir səviyyəyə qaldıra bilər.

Azərbaycanın xarici siyasət doktrinası uzun illərdir ki, balanslaşdırılmış və çevik müttəfiqlik münasibətləri üzərində qurulub”.

Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı tarixə həkk olunub

Onun sözlərinə görə, bu ittifaqa qoşulmağın və ya onunla dərin inteqrasiyanın Azərbaycan üçün qazandıracağı ən böyük üstünlük şübhəsiz ki, kollektiv müdafiə sistemidir:

“Pakistanın nüvə gücü, Türkiyənin NATO standartlarındakı müasir ordusu və müdafiə sənayesi texnologiyaları, Səudiyyə Ərəbistanının nəhəng iqtisadi resursları ilə birləşdikdə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün sarsılmaz bir qalxan yaranır. Eyni zamanda, bu platforma Azərbaycanın yerli hərbi istehsalının inkişafı üçün yeni qapılar açır. Dörd ölkənin texnoloji və maliyyə imkanlarının birləşdirilməsi müdafiə sənayesində xarici asılılığı minimuma endirəcək və Bakının hərbi-texniki imkanlarını regionun ən müasir orduları səviyyəsində saxlayacaqdır. Digər tərəfdən, Azərbaycanın bu oxda yer alması qlobal güclərin Cənubi Qafqazdakı təzyiqlərinə qarşı ən güclü diplomatik cavab olacaqdır. Belə bir hərbi-siyasi çətir altında olmaq Azərbaycanın sülh prosesindəki əlini gücləndirir və beynəlxalq hüquq müstəvisində daha cəsarətli addımlar atmasına imkan verir”.

Hərbi ekspert deyib ki, Azərbaycanın bu yeni yaranan “təhlükəsizlik oxuna” yaxınlaşması sadəcə bir seçim yox, həm də zamanın tələbi kimi görünür:

“Azərbaycanın bu istiqamətə getməsinin mənfi tərəfi isə Rusiya və İranın reaksiyasıdır. Çünki hər iki ölkə regionda yeni oyunçu istəmir. Ona görə də, təhdid və riskləri də rəsmi Bakı hesablamalıdır”.\Cavanşir Abbaslı Musavat.com\

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button