ABŞ Prezidenti Donald Tramp İran rəsmiləri ilə bütün görüşləri ləğv edib. Bu barədə Tramp özünün “Truth Social” hesabında bildirib. ABŞ Prezidenti vurğulayıb ki, etirazçıların mənasız şəkildə öldürülməsi dayanmayana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv edib.

ABŞ prezidenti Donald Tramp İranda etrazçıların kütləvi şəkildə qətlə yetirilməsinə cavab olaraq tədbirlər görəcəyini bildirib. O, hərbi müdaxilə variantının nəzərdən keçirildiyini deyib. 

12 günlük müharibədə hərbçilər və hərbi obyektlər hədəfə alınmışdı. Amma ehtimal edilir ki, bu dəfə hərbçilər yox, siyasi şəxslər öldürüləcək. O cümlədən, dini liderin də öldürüləcəyi güman olunur. Məqsəd də siyasi hakimiyyətin zəiflədilməsidir.

Bu ehtimal nə dərəcə realdır, səmərəsi ola bilərmi?

Sfera.az-a bu barədə açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, prezident Donald Trampın İran etirazlarına görə “hərbi müdaxilə” variantını gündəmə gətirməsi Vaşinqtonun Tehrana qarşı təzyiq strategiyasının yeni fazaya keçdiyini göstərir.

Onun sözlərinə görə, siyasi rəhbərliyin, xüsusən də ali dini liderin birbaşa hədəf alınması real ssenari hesab edilmir:

“Çünki bu addım beynəlxalq hüquqa zidd olmaqla yanaşı, regionda “İraq 2003”dən də böyük geosiyasi xaosa yol aça bilər. ABŞ üçün İranın tam çökməsi nə enerji bazarları, nə də Yaxın Şərq sabitliyi baxımından arzuolunan deyil. Üstəlik, belə bir “rejim kəsici” əməliyyat İran daxilində ciddi əks-reaksiya yaradaraq xalqın böyük hissəsini radikal dairələrin ətrafında birləşdirə bilər ki, bu da Vaşinqtonun məqsədlərinə ziddir”.

Z.Qarayeva qeyd edib ki, siyasi elita üzərinə “cərrahi zərbə” ehtimalının mediada və ekspert çevrələrində hallandırılması psixoloji və siyasi təzyiq vasitəsi kimi qiymətləndirilə bilər:

“ABŞ-nin real strategiyası daha çox İranı iqtisadi, diplomatik və kiber vasitələrlə zəiflətmək, daxili narazılıqları artırmaq və hakimiyyətin manevr imkanlarını məhdudlaşdırmaq üzərində qurula bilər. Siyasi liderlərin fiziki hədəfə alınması isə regionda nə Vaşinqtonun müttəfiqləri, nə də qlobal güclər tərəfindən dəstəklənəcək addım deyil. Buna görə də belə bir operativ ssenarinin reallığı çox aşağıdır, amma informasiya səviyyəsində gündəmdə saxlanması İran hakimiyyətinə “təhlükəsizlik təzyiqi” yaratmaq baxımından səmərəli ola bilər”. 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button