Milli Qəhrəman Şahin Tağıyev dəfn edildi – FOTO/VİDEO – YENİLƏNDİ

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.
Polise.az xəbər verir ki, Qəhrəmanın cənazəsi Dövlət Himninin sədaları və yaylım atəşi altında dəfn edilib.
Mərasimdə Şahin Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, o, ötən il dekabrın 29-da İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
***
11:09
İsveç Krallığının Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin Hərbi Memorial Məzarlıqda vida mərasimi başlayıb.
Polise.az xəbər verir ki, mərasimdə dövlət və ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın yaxınları iştirak edirlər.
Cənazə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə yanvarın 15-də Vətənə gətirilib.
Xatırladaq ki, Şahin Tağıyev 3 fevral 1949-cu ildə Tərtər rayonunda anadan olub. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib.
Gənc yaşlarından Rusiya və Azərbaycanda əvvəlcə energetika, ardınca ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə milli azadlıq hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib.
1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib.
O, ötən il dekabrın 29-da uzun sürən xəstəlikdən sonra vəfat edib.
Polise.az



