Tramp Qrenlandiyanı ələ keçirməsinə qarşı çıxan ölkələri rüsumlarla hədələyib

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsi planına dəstək verməyən ölkələrə qarşı gömrük rüsumları tətbiq edə biləcəyi ilə hədələyib.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat dərc edib.
Bildirilir ki, bu bəyanat Avropa müttəfiqlərinə təzyiqin artırılması kimi qiymətləndirilir.
Məlumata görə, NATO ölkələrinin Danimarka Krallığının tərkibində olan və geniş muxtariyyətə malik Qrenlandiya ərazisinə qoşun yeritməsindən sonra Tramp bu planlara qarşı çıxan ölkələrin “cəzalandırıla biləcəyini” bildirib. ABŞ prezidenti zərurət yaranacağı təqdirdə gücdən istifadənin də istisna edilmədiyini vurğulayıb.
Daha əvvəl Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Landri Vaşinqtonun adanı nəzarətə götürməsi ilə bağlı razılaşmanın “olmalı və mütləq baş tutacağını” deyib. Onun sözlərinə görə, Tramp bu məsələdə son dərəcə ciddidir və mart ayında Qrenlandiyaya səfər etməyi planlaşdırır.
Bu arada ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatından ibarət 11 nəfərlik ikipartiyalı nümayəndə heyəti Danimarkanın paytaxtı Kopenhagenə səfər edib. Nümayəndə heyətinin tərkibində respublikaçı senatorlar Tom Tillis və Liza Murkovski, eləcə də demokrat senator Kris Kuns yer alıb. Onlar Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiya hökumətinin rəhbəri Yens-Frederik Nielsen ilə görüşərək Trampın hərbi müdaxilə hədələrinə qarşı həmrəylik nümayiş etdiriblər.
Tramp Ağ Evdə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, Qrenlandiya ABŞ-ın milli təhlükəsizliyi üçün vacibdir və bu məsələdə onun mövqeyi dəyişməyəcək. O, Fransa və Almaniyanı dərman qiymətləri ilə bağlı rüsumlarla hədələdiyini xatırladaraq, Danimarkaya qarşı da oxşar addımlar ata biləcəyini deyib.
Bu arada Danimarka hökuməti Qrenlandiyanın fövqəladə hallara hazırlıq imkanlarının gücləndirilməsi üçün əlavə dəstək göstəriləcəyini açıqlayıb. Danimarkanın ictimai təhlükəsizlik və fövqəladə hallar naziri Torsten Şak Pedersen ölkələrin birlikdə hərəkət etməsinin vacibliyini vurğulayıb. Qrenlandiyanın müvafiq naziri Peter Borq isə Danimarkanın dəstəyinə görə təşəkkür edib.
Qeyd olunur ki, Qrenlandiyanın paytaxtı Nuukda yaşayan sakinlər ABŞ-dan gələ biləcək təhlükə fonunda ciddi narahatlıq keçirir. Yerli əhali mümkün fövqəladə vəziyyət və ya təxliyə halında öz planlarını tərtib etməyə məcbur qaldıqlarını bildirir.
Polise.az



