“ABŞ İranla qarşıdurmada yeni mərhələyə keçir: SEPAH-ın maliyyə kanalları hədəfdə” – İsrail mətbuatı

“Məlumat verənlər üçün pul mükafatı və təhlükəsizlik dəstəyi təklif olunur…”
ABŞ Dövlət Departamenti İrana qarşı hərbi ssenarini kənara qoyaraq dolayı təzyiq mexanizmlərinə üstünlük verir.
Polise.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə “cursorinfo.co” nəşri yazıb.
Fars dilində çağırış və “Ədalət üçün mükafat” proqramı
Vaşinqtonun terrorizmə qarşı rəsmi “Rewards for Justice” (“Ədalət üçün mükafat”) proqramı sosial şəbəkə “X” üzərindən fars dilində paylaşım edərək İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maliyyə fəaliyyəti barədə məlumat verilməsinə çağırıb.
Paylaşımda bildirilir ki, “İslam Respublikası İran xalqının sərvətindən milyardlarla dolları SEPAH-a yönəldir və bu vəsait daxili repressiyalara sərf olunur”. ABŞ tərəfi SEPAH-ın maliyyə yollarının kəsilməsinin “zorakılığa son qoymaq” üçün vacib olduğunu vurğulayır.
Məlumat verən şəxslərə pul mükafatı ilə yanaşı, təhlükəsizlik və köç xərclərinin kompensasiyası da təklif olunur. Çağırış ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi zərbədən imtina etdiyini açıqlamasından sonra edilib. Tramp jurnalistlərə bildirib ki, Vaşinqton bu mərhələdə hücum əmri verməyəcək.
Maliyyə şəbəkələri və daxili repressiyalar
ABŞ-ın iddiasına görə, İran hakimiyyəti dövlət büdcəsindən böyük vəsaitləri SEPAH-a yönəldir və bu struktur etirazların yatırılmasında əsas rol oynayır. Dövlət Departamenti SEPAH-la bağlı pul köçürmələri, maliyyə sxemləri və xarici tranzit kanalları barədə məlumatların paylaşılmasını istəyir.
Bu fonda İran müxalifətinə yaxın mənbələr SEPAH zabitinin qızının açıqlamalarını xatırladır. Onun sözlərinə görə, yüksək rütbəli şəxslər mümkün böhran zamanı ölkədən qaçmaq üçün əvvəlcədən saxta pasportlar və nağd vəsaitlər hazırlayıb. Qadın həmçinin ailədaxili zorakılıq və repressiyalar barədə danışıb.
Köhnə mexanizm, məhdud effekt
“Rewards for Justice” proqramı SEPAH-a qarşı ilk dəfə 2019-cu ildə, Donald Trampın ilk prezidentliyi dövründə işə salınıb. Həmin vaxt SEPAH ABŞ tərəfindən terror təşkilatı elan edilib və maliyyə axınları barədə məlumat verənlər üçün 15 milyon dollara qədər mükafat vəd olunub. Analitiklər hesab edir ki, bu mexanizmin təsiri məhduddur.
SEPAH maliyyələşmədə qeyri-rəsmi kanallardan və kriptovalyutalardan istifadə edir. Üstəlik, oxşar maliyyə axınları Qərbin dəstəklədiyi İran müxalifətinə də yönəlir. Hazırda yeganə yenilik ABŞ-ın “Bejol Pars” adlı İran şirkətini ayrıca hədəfə almasıdır. Bununla belə, Vaşinqtonun iqtisadi və maliyyə təzyiqlərinin real nəticə verib-verməyəcəyi hələ də sual altındadır.
Polise.az



