Hakan Fidanın açıqlamasına Rusiyadan reaksiya: Bakıya diqqət çəkdilər

“Ermənistanda qarşıdan gələn parlament seçkiləri Baş nazir Nikol Paşinyanın qurduğu sistem üçün stress testi olacaq”.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
Ekspert iyunda keçiriləcək seçkiləri əvvəlki bütün seçkilərdən fərqləndirən bir neçə əsas amili vurğulayıb. O bildirib ki, bu, Ermənistanın Qarabağdan tam çıxmasından sonra ilk ümumxalq kampaniyası olacaq, “Məxməri inqilab”dan sonra hakimiyyətin yenilənməsi ilə bağlı illüziya və eyforiya da geridə qalıb. Seçkilərə qədər Nikol Paşinyan hakimiyyətdə doqquzuncu ilinə qədəm qoyacaq. Markedonovun fkspertin fikrincə, bu dövrdə Paşinyan dövlət idarəetmə sisteminin homogenləşməsinə nail olub.
“Ermənistan hakimiyyəti sistemini gücləndirmək üçün həm inzibati təzyiq, həm də inzibati resursdan istifadədə kifayət qədər uğurlu olub”, – o qeyd edib.
Markedonov söyləyib ki, 2026-cı il parlament seçkiləri Ermənistanda yalnız daxili siyasi hadisə olmayacaq. Onun sözlərinə görə, əvvəllər postsovet ölkələrində seçki kampaniyaları “Rusiya ilə Qərbin təsir uğrunda bitməyən rəqabət serialı” kimi qiymətləndirilirdisə, indi daha fərqli və maraqlı amillər ortaya çıxır. Bu kontekstdə o, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Nikol Paşinyanın reytinqi ilə bağlı açıqlamasına diqqət çəkib: “Ankara bununla öz siyasi üstünlüklərinə dair açıq siqnal verir, istisna etmirəm ki, Bakıda da eyni cür düşünürlər”.
Markedonovun baxışına görə, Ermənistanda milli-dövlət layihəsinin yenilənməsi istiqamətində ambisiyalı cəhdlər edilir:
“Söhbət erməni kimliyinin sistemli transformasiyasından gedir. Vətəndaşlara tarixi ənənə və keçmişin simvollarından radikal şəkildə imtina edən, xarici siyasət və daxili quruluşda yeni koordinatlar sistemi təqdim edən “Real Ermənistan” layihəsinə dəstək vermək təklif olunur”.
Politoloq Nikol Paşinyanın bu layihəsinin uğurlu ola biləcəyini istisna etməsə də, çətin olacağını qeyd edib.
Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 15-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Ermənistanda 2026-cı ilin iyun ayında seçkilər keçiriləcək və bu proses sülh üçün mühüm mərhələ olacaq:
“Gördüyümüz budur ki, Ermənistan Baş naziri Nikol Paşinyan hazırda ictimai rəy sorğularında liderdir. Onun səmimi şəkildə bu məsələdə göstərdiyi konstruktiv rolunu yüksək qiymətləndiririk. Bu yanaşma, bu iradə davam etdirilməlidir”.
Polise.az



