Ziya Bünyadov prospektində baş verən yanğın söndürüldü – VİDEO/ YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki obyektdə baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın nəticəsində ümumi sahəsi 700kv.m olan bir dam altında tikilmiş 7 ədəd tikinti materiallarının satışı mağazalarından 2 ədəd mağaza və bitişik ümumi sahəsi 200kv.m olan anbar (ümumi 400kv.m) yanıb. Bitişik mağazalar və müxtəlif təyinatlı obyektlər yanğından mühafizə olunub.

***

14:37

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektindəki obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

14:08

Nərimanov rayonu Ziya Bunyadov prospektində baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qərargah yaradılıb.

Bu barədə Teleqraf-ın hadisə yerində olan əməkdaşı xəbər verir.

Hazırda yanğının söndürülməsi davam etdirilir.

***

13:57

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

13:43

Bu gün saat 12:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonundan yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində ilkin tibbi yardım göstərilib.

***

13:24

Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən “Penguin” boya satışı və başqa bir neçə mağazada baş verən yanğının ətrafındakı mağazalar boşaldılır.

Teleqraf-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, mağazaların sahibləri vətəndaşların köməyi ilə içəridəki məhsul və əşyaları çölə çıxarır.

Hazırda yanğının yayılmaması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

13:11

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

12:17

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin yaxınlığında obyektlərin birində baş verən yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Bu barədə Teleqraf-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektlərin birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

12:04

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində, ilkin məlumata əsasən, obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button