Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olub-Çingiz Qənizadə

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri çərçivəsində mühüm əhəmiyyətli görüşlər keçirir, ölkəmiz barədə dünya ictimaiyyətinə geniş məlumat verir. Builki forumda rekord sayda dövlət və hökumət başçısının iştirakı tədbirin beynəlxalq aləmdə reytinqinin artmasından xəbər verir. Dövlətimizin başçısı “Euronews” televiziyasına geniş müsahibə verib. Azərbaycan Prezidenti müsahibəsində beynəlxalq münasibətlərin yeni eraya qədəm qoymasından, respublikamızın daxilində potensial risklərin mövcud olmamasından, Azərbaycanın neft və qaz ixrac edən yeganə Cənubi Qafqaz ölkəsi olmasından, Avropa Parlamentinin daimi tənqidinə ölkəmizdə artıq reaksiya verilməməsindən və digər qlobal əhəmiyyətli məsələlərdən söhbət açıb.
Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Prezident İlham Əliyevin bir neçə gün əvvəl Davosda “Euronews” televiziyasına verdiyi müsahibəyə münasibət bildirərkən səsləndirib.
Hüquq müdafiəçisi builki Davos İqtisadi Forumunun xalqımız üçün xüsusilə yaddaqalan olduğunu qeyd edərək deyib ki, Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafata layiq görülüb.
Azərbaycan Prezidentinin belə yüksək mükafata layiq görülməsi otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərinə verilən qiymətdir.
Komitə sədri bu gün Cənubi Qafqazın yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib. Artıq xalqımız beş-altı aydır sülh şəraitində yaşayır. Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında məhdudiyyətlər aradan qaldırılıb. Bundan əlavə, Ermənistana böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə, neft məhsullarının təchizatına başlanılıb. Bütün bunlar Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda əbədi sülhə nail olunacağına inam yaradıb.
Ç.Qənizadə Prezident İlham Əliyevin “beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür” fikrinə münasibət bildirərək deyib ki, məhz buna görə də strateji məqsədimiz milli maraqlara əsaslanan nəticələr əldə etmək və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi reallaşdırmaq idi. Həyata keçirilən hər bir iş – istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Ona görə də Azərbaycan buna nail oldu.
Ç.Qənizadə Azərbaycanın Cənubi Qafqazda digər ölkələrə neft və qaz ixrac edən yeganə dövlət olduğunu qeyd edib. Bildirib ki, bölgənin digər ölkələri – uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Azərbaycanın Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığı getdikcə artmaqdadır. Respublikamız artıq 16 ölkəyə təbii qaz ixrac edir. Onların onu Avropa İttifaqının üzvüdür. Biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq.
Tanınmış hüquqşünas dövlətimizin başçısının müsahibədə diqqət çəkən məqamlardan birinin də Avropa Parlamenti haqqında səsləndirdiyi fikir olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, bu qurumun daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir. Ölkəmizə qarşı belə qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının və qüvvələrin fəaliyyətinin nəticəsidir. Məhz belə münasibətin nəticəsidir ki, uzun illərdir Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə əməkdaşlığı dayandırmışıq. Təbii ki, Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.
Hüquq müdafiəçisi dövlətimizin başçısının fikirlərinə istinadən deyib ki, Ermənistanın özünün Azərbaycanla əlaqələrini yüksək qiymətləndirdiyi bir vaxtda, Avropa Parlamenti bizi Ermənistana qarşı “təcavüzkar mövqedə” olmaqda ittiham edərək özünü qəribə vəziyyətə salır.
“Ötən avqustda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından ciddi nəticə çıxaran Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər” – deyə Ç.Qənizadə bildirib.
Polise.az



