Nüvə silahı yenidən masada

ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidləri və Vaşinqton–Avropa münasibətlərində yaranan gərginlik fonunda Avropa ölkələri öz nüvə potensialını gücləndirmək imkanlarını müzakirə etməyə başlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər veri rki, NBC News-un məlumatına görə, Avropa liderləri son həftələrdə ABŞ-dan asılılığın azaldılması və mümkün təhlükələrə qarşı müstəqil müdafiə mexanizmlərinin qurulması məsələsini “intensiv və məhsuldar” şəkildə müzakirə edirlər.
Yüksək vəzifəli avropalı rəsmilərdən biri bildirib ki, Avropanın nüvə silahları qorunması məsələsi ABŞ-ın iştirakı ilə və ya onsuz nəzərdən keçirilir. Bu müzakirələrdə əsas təhlükə mənbələri sırasında Rusiya da qeyd olunur.
Mənbələrin sözlərinə görə, mümkün ssenarilərdən biri nüvə silahına malik olmayan Avropa ölkələrinə texniki imkanların yaradılmasıdır. Bu, birbaşa silah istehsalı olmasa da, yüksək zənginləşdirilmiş uranın hazırlanması kimi addımları əhatə edə bilər. Bildirilir ki, bu cür texnologiyaların mövcudluğu 1970-ci il Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin pozulması sayılmır.
SIPRI-nin məlumatına əsasən, hazırda Avropada nüvə silahına yalnız Fransa (təxminən 290 döyüş başlığı) və Böyük Britaniya (225 döyüş başlığı) malikdir. Hər iki ölkə bu silahları əsasən sualtı qayıqlarda və hərbi təyyarələrdə yerləşdirir.
Ekspertlər hesab edirlər ki, Vaşinqtonun qeyri-müəyyən siyasəti Avropanı gələcək təhlükəsizlik strategiyasını yenidən nəzərdən keçirməyə məcbur edir və nüvə məsələsi bu prosesin əsas elementlərindən birinə çevrilə bilər.
Polise.az



