Azərbaycanın ilk pilotlarından biri: Əli bəy Verdiyevin Paris yolu…

Azərbaycan aviasiya tarixində adı xüsusi yer tutan şəxsiyyətlərdən biri də Əli bəy Verdiyevdir. O, həm mühəndis-mexanik kimi, həm də pilot kimi fəaliyyət göstərərək Birinci Dünya müharibəsi dövründə aviasiya sahəsində peşəkar hazırlıq keçən azərbaycanlılardan sayılır.
Musavat.com xəbər verir ki, Əli bəy Verdiyev 1891-ci il yanvarın 1-də Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olub. Yelizavetpol gimnaziyasını bitirdikdən sonra Qori müəllimlər seminariyasına daxil olan Verdiyev 1910-cu ildə Parisə yola düşüb və burada Fransa Politexnik Məktəbinin mühəndis-mexanik fakültəsində avia və avtonəqliyyat vasitələrinin təmiri ixtisası üzrə təhsil alıb.
Məlumata görə, o, Fransanın müxtəlif hava nəqliyyatı müəssisələrində çalışdığı illərdə aviasiyaya daha ciddi maraq göstərməyə başlayıb. Birinci Dünya müharibəsi zamanı mühəndis-mexanik kimi işləyən Əli bəy Verdiyev 1916-cı ildə Fransanın aviapilotaj məktəbində hazırlıq kursu keçib.

Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən, Əli bəy Verdiyev 1916-cı il iyunun 22-də “pilot-aviator” normativlərini tam yerinə yetirərək bu ada layiq görülüb. Həmin patentin nümunəsinin Azərbaycan Tarixi Muzeyində saxlanıldığı bildirilir.
Təhsilini başa vurduqdan sonra Əli bəy Verdiyev məzunu olduğu məktəbdə qalıb və buradakı rus kursantlarına uçuş dərsləri verib. O, eyni zamanda təlimçi kimi yeni konstruksiyalı təyyarələrin sınaq uçuşlarında iştirak edib, mühəndis-mexanik kimi isə təyyarələrin sazlığına nəzarət edib.

1918-ci ildə Əli bəy Verdiyev öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinə qayıdıb və Bakıda mühəndis-mexanik kimi əmək fəaliyyətini davam etdirib. 1920-ci ildə ölkədə sovet hakimiyyəti qurulduqdan sonra yeni sistemin ehtiyac duyduğu ixtisaslı kadrlardan biri kimi fəaliyyətini davam etdirən Verdiyev 1923-cü ildə toxuculuq sənayesi üçün dəzgahlar alınması məqsədilə Lion şəhərinə ezam olunub.

Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR-in Dövlət Plan Komitəsində çalışan Əli bəy Verdiyev 1953–1957-ci illərdə həmin qurumun material balanslar şöbəsində böyük mühəndis vəzifəsində işləyib. 1957-ci ildə təqaüdə çıxmasına baxmayaraq, köhnə kollektivi ilə əlaqəsini saxlayaraq fəaliyyətini müəyyən müddət davam etdirib.
Qeyd olunur ki, Əli bəy Verdiyevin vəfatından sonra qızı Nuriyyə xanım ona aid bəzi materialları Azərbaycan Tarixi Muzeyinə təhvil verib.



