Litva NATO-da görünməmiş addım təklif etdi: hərbi poliqon Polşa ərazisinə qədər genişləndirilə bilər

Litva prezidenti Gitanas Nauseda ölkəsinin əsas hərbi poliqonlarından birinin Polşa ərazisinə doğru genişləndirilməsini təklif edib. Bu təşəbbüs NATO çərçivəsində tamamilə yeni və presedentsiz addım kimi qiymətləndirilir.
Polise.az Musavat.com-a istinadən xəbər verir ki, Nauseda bu təklifi Polşa prezidenti Karol Navrotski ilə görüşü zamanı səsləndirib.
Litva liderinin sözlərinə görə, Polşanın Kapçyamestis bölgəsində yerləşən hərbi poliqondan istifadəyə hazır olması Suvalki dəhlizinin müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, bu poliqonun Polşa ərazisinə qədər genişləndirilməsinin NATO üçün unikal təhlükəsizlik həlli ola biləcəyini vurğulayıb.
“Biz Polşanın Kapçyamestis poliqonundan istifadəyə hazır olmasını alqışlayırıq. Bu, Suvalki dəhlizinin müdafiəsini daha da möhkəmləndirəcək. Poliqonun Polşa ərazisinə qədər genişləndirilməsi imkanının nəzərdən keçirilməsini təklif edirik. Bu, NATO kontekstində unikal qərar olardı”, – deyə Nauseda bildirib.
Qeyd edək ki, Suvalki dəhlizi NATO üçün strateji əhəmiyyət daşıyan və Polşa ilə Litvanı birləşdirən dar quru zolağıdır. Bu dəhliz Baltik ölkələrinin quru əlaqəsini təmin edən əsas marşrut hesab olunur və hərbi-strateji baxımdan son dərəcə həssas bölgədir.
Lakin maraqlı məqam ondan ibarətdir ki, Litvanın özündə bu hərbi poliqonun tikintisinə qarşı ciddi etirazlar var. Yerli əhali və ekoloji fəallar bölgədə hərbi infrastrukturun genişləndirilməsinin ətraf mühitə zərər vuracağını və yaşayış şəraitini pisləşdirəcəyini bildirərək etiraz aksiyaları keçirirlər.
Analitiklər hesab edirlər ki, Litvanın bu təşəbbüsü NATO-nun şərq cinahında hərbi mövcudluğunu gücləndirməyə yönəlmiş strateji addım kimi qiymətləndirilə bilər və Rusiya ilə artan gərginlik fonunda Alyansın təhlükəsizlik konsepsiyasında mühüm dəyişikliklərə yol aça bilər.
Polise.az



