Piyada keçidində yol piyadanındır.Amma piyada da həddini aşmamalıdır.

“Əhmədli” metrosunun yaxınlığında baş verən, sürücü ilə piyada keçidindən keçən piyadanı arasında yaşanan insidentdə çoxları piyadanın hərəkətlərinə haqq qazandırır. Amma qanunvericiliyə görə sürücü uzaq başı İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən törətdiyi inzibati xətaya görə 50 manat cərimə oluna bilər, o da, əgər piyadaların hərəkətinə mane olması müəyyən olunarsa.
Polise.az “DogruXeber.tv” -yə istinadən xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov baş verən insidentlə bağlı yayılan görüntüləri qiymətləndirərkən deyib. O bildirib ki, piyadanın hərəkəti daha ciddi xəta, hətta cinayət məsuliyyəti hesab oluna bilər:
“İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, 5 000 manatdan çox olmayan “az miqdarda” ziyan vurulduqda, ziyanın bir misli ilə iki misli arasında cərimə tətbiq edilir.
Daha böyük məbləğdə ziyan vurulması hallarında isə cinayət məsuliyyəti yaranır və haldan asılı olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əməli kimi qiymətləndirilə bilər”.
Qeyd edək ki, hadisə bir neçə gün öncə baş verib. Sürücü piyada keçidində olan piyadalara kobud formada “keç də” deyə bildirib. Sürücünün bu tərzdə danışığı yanında yaşlı qadın olan piyadanı əsəbləşdirib və o avtomobilin üstünə çıxaraq sürücüyə həddini bildirib.
Polise.az



