Prezident İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi ilə bağlı fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2025-ci il 30 dekabr tarixli Qanunun tətbiqi ilə bağlı fərman imzalayıb.

Polise.az  xəbər verir ki, fərmanla İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərin icrası təmin edilir və bu məqsədlə Prezidentin əvvəlki fərmanlarında müvafiq dəyişikliklər aparılır.

Fərmana əsasən, İnzibati Xətalar Məcəlləsinin 63.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan icra hakimiyyəti orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək. Həmin maddədə “orqan (qurum)” anlayışı isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi müəyyən edilir.

Sənəddə həmçinin qeyd olunur ki, Məcəllənin 602-2.5-ci maddəsində “qəyyumluq və himayəçilik orqanı” anlayışı konkretləşdirilib. Belə ki, himayədar ailəyə verilmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı məsələlər üzrə bu səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara aid edilir.

Fərmanla Nazirlər Kabinetinə müvafiq qanundan irəli gələn məsələlərin həlli tapşırılıb. Eyni zamanda, Prezidentin 2016-cı və 2017-ci illərdə imzaladığı fərmanlarda inzibati xətalarla bağlı səlahiyyət bölgüsünü dəqiqləşdirən dəyişikliklər edilib.

Qeyd edək ki, dəyişikliklər inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyəti olan qurumların və vəzifəli şəxslərin dairəsini daha dəqiq müəyyənləşdirməyə xidmət edir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button