ABŞ-dan Zelenskiyə “QIRMIZI İŞIQ”? – Politoloqdan açıqlama

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, bu tip xəbərlər Qərbdə Ukrayna müharibəsini bitirmək üçün riskli kompromis axtarışları getdiyini bir daha göstərir:
“Amma eyni zamanda, Qərb anlayır ki, Ukraynanın açıq ərazi itkisi Tayvan, Gürcüstan, Moldova və hətta Baltik ölkələri üçün də domino effekti yaradacaq. Ona görə də “Donbasdan imtina” məsələsinin “Financial Times” kimi nəşrlərdə tirajlanması real plan yox, təzyiq və yoxlama mexanizmidir”.
Politoloqa görə, “Financial Times” kimi nəşrlər çox vaxt hakim dairələrin ictimai rəyə sızdırmaq istədiyi ssenariləri, real danışıqlarda masada olan, amma hələ rəsmiləşdirilməmiş təklifləri və ya tərəfləri reaksiyaya çəkmək üçün atılan “sınaq xəbərləri”ni yayımlayır:
“Bu tip məlumatlar klassik diplomatik texnikadır. İdeya dövriyyəyə buraxılır, reaksiyalar ölçülür, sonra ya geri çəkilir, ya da yumşaldılaraq təqdim olunur. Haqqında söhbət gedən nəşrdəki xəbərə Ağ Evin dərhal təkzib verməsi də bunu göstərir ki, ya məlumat vaxtından əvvəl sızdırılıb, ya da Vaşinqton Ukraynanın daxili sabitliyini riskə atdığını görüb geri addım atıb.
Amma məsələnin başqa tərəfi də var. Bu cür xəbərlər Kremlin informasiya strategiyasına xidmət edir. Belə xəbərlərin yayılması ilə “Ukrayna Donbasdan imtina edə bilər” narrativi yayılır, Rusiyada “müharibə nəticə verir” təsəvvürü güclənir, Qərbdə isə “müharibə yorğunluğu” legitimləşdirilir. Yəni niyyət fərqli ola bilər, effekt Putinin xeyrinədir”.
Politoloq qeyd edib ki, Zelenski Donbasdan çıxmağa razı ola bilməz:
“Çünki belə bir şeyə razılıq verilməsi nə hüquqi, nə siyasi, nə də tarixi baxımdan mümkün görünür. Ukrayna Konstitusiyası ərazi bütövlüyünün referendumsuz dəyişdirilməsini qadağan edir. Donbasdan imtina Zelenski üçün siyasi intihar demək olar. Müharibə şəraitində belə bir addım orduda parçalanma, cəmiyyətdə etiraz, gələcəkdə isə dövlətçiliyin legitimliyinin sual altına düşməsi ilə nəticələnər və Zelenski Ukrayna tarixində “torpaq güzəştinə gedən lider” kimi qalar”.
“Bəs real çıxış yolu nədir” sualına gəlincə, Q.Hüseynli hesab edir ki, reallıqda masa üzərində olan daha mümkün ssenarinin olduğu sezilir.
“Donbasın statusu müvəqqəti olaraq dondurulur, Ukrayna ərazi iddiasından rəsmi imtina etmir, sadəcə, hərbi əməliyyatları dayandırır, gələcək status beynəlxalq mexanizmlərə, uzunmüddətli prosesə ötürülür. Belə bir variantın tətbiqi istisna deyil”, – deyə politoloq əlavə edib.\Etibar SEYİDAĞA,Musavat.com\
Polise.az



