Azərbaycan vətəndaşları Ukraynaya humanitar yardım göndərib

Azərbaycan vətəndaşları Ukraynaya enerji avadanlıqlarından ibarət humanitar yardım göndəriblər.
Polise.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev yazıb.
Onun sözlərinə görə, Bakıdan humanitar yardım Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “Ukrayna üçün istilik” təşəbbüsü çərçivəsində göndərilib. Yük Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə və bir sıra ərazi icmalarına təhvil veriləcək.
“Bu yardım Ukrayna üçün çətin bir vaxtda həqiqi həmrəyliyin və qardaşlıq köməyinin daha bir parlaq nümunəsidir”, – diplomat yazıb.
Yardımın tərkibinə müxtəlif gücə malik 17 generator, dörd portativ enerji təchizatı sistemi və üç hava qızdırıcısı daxil olub. Avadanlıqlar Rusiya zərbələri nəticəsində zərər çəkmiş regionlarda elektrik və istilik təchizatının operativ bərpası üçün istifadə olunacaq.
“Ardıcıl dəstəyə, humanizmə və konkret məsələlərdə kömək etməyə daim hazır olduqlarına görə Azərbaycana, onun ali rəhbərliyinə, müəssisələrə, təşkilatlara, bütün Azərbaycan xalqına səmimi minnətdarlığımı bildirirəm”, – o vurğulayıb.
Polise.az



