44 gündən sonra da bitməyən təbliğat: Moskva niyə Bakını düşmən göstərir?

Cənubi Qafqazda sülh gündəmi formalaşdığı bir vaxtda Kremlin Ermənistandakı informasiya şəbəkəsi yenidən köhnə ritorikanı dövriyyəyə buraxıb.
Musavat.com xəbər verir ki, Kremlçi “köşə yazarı” Arman Abovyan növbəti yazısında bir daha Azərbaycanı Ermənistan üçün “əsas təhlükə” kimi təqdim edib.
Abovyanın fikrincə, regionda yaranmış gərginliyin mərkəzində məhz Azərbaycan dayanır. O iddia edir ki, guya Bakı ideoloji, hüquqi, strateji və infrastruktur müstəvilərində “ekspansiya” aparır, eyni zamanda Ermənistanın dövlətçiliyini hədəf alan proseslərə start verib. Köşə yazarı bu prosesi hətta “Ermənistanın ləğvinə yönəlmiş cəhd” kimi təqdim edir.
Yazıda İranda baş verən daxili etirazlar da xüsusi vurğulanır və bu amil regionda qeyri-sabitliyi artıran faktor kimi göstərilir. Lakin bütün bu arqumentlərin fonunda Abovyan əsas təhlükə mənbəyi kimi israrla Azərbaycanı önə çıxarır və bununla da Ermənistan cəmiyyətində köhnə düşmən obrazını yenidən diriltməyə çalışır.
Müşahidəçilərin qənaətincə, bu yanaşma fərdi fikir deyil, Kremlin Ermənistandakı informasiya xəttinin tərkib hissəsidir. Məqsəd aydındır: Ermənistan cəmiyyətinə sülh yox, qorxu satmaq, revanşist ovqatı diri saxlamaq və Moskvanın regiondakı təsir imkanlarını qorumaq.
Halbuki reallıq Abovyanın təqdim etdiyindən tam fərqlidir. Azərbaycan 44 günlük müharibə nəticəsində beynəlxalq hüquqa uyğun şəkildə öz ərazilərini azad edib, daha sonra lokal antiterror tədbirləri ilə suverenliyini tam bərpa edib. Bundan sonra isə rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda uzunmüddətli və dayanıqlı sülhün tərəfdarıdır.
Buna baxmayaraq, Kremlin nəzarətində olan şərhçilər və media platformaları bu faktları görməzdən gəlir, Azərbaycanı qəsdən təhlükə kimi təqdim edir və Ermənistan cəmiyyətində yeni düşmənçilik toxumu səpməkdə davam edir. Məqsəd isə sülh prosesini gözdən salmaq və regionu yenidən gərginlik mühitinə sürükləməkdir.
Polise.az



