İran hazırlıqlara BAŞLADI: Nüvə tunelləri BAĞLANDI – FOTOLAR

İranın ən vacib və möhkəmləndirilmiş obyektlərindən biri olan və 12 günlük müharibə zamanı dəfələrlə atəşə tutulan İsfahandakı nüvə texnologiyaları mərkəzindəki yeraltı tunel kompleksinin bütün məlum girişləri tamamilə bağlanıb.
Musavat.com xəbər verir ki, bu barədə bazar ertəsi günü Beynəlxalq Təhlükəsizlik və Elm İnstitutu (ISIS) tərəfindən yayımlanan yeni təhlildə məlumat verilir.
“8-9 fevral tarixlərində çəkilmiş yüksək dəqiqlikli kommersiya peyk görüntüləri göstərir ki, tunellərin mərkəzi və cənub girişləri tamamilə bağlanıb və artıq görünmür. Ən şimaldakı giriş isə eyni şəkildə basdırılıb ki, bu da kompleksə daxil olmağı qeyri-mümkün edir”, – məlumatda deyilir.
Bildirilir ki, görüntülər çəkilərkən girişlərdə heç bir nəqliyyat hərəkəti müşahidə edilməyib.
Tədqiqatçılar vurğulayırlar ki, bu işlər yeraltı kompleksin mümkün hava hücumlarına qarşı möhkəmləndirilməsi və yerüstü qüvvələr üçün girişin çətinləşdirilməsi məqsədi daşıyır. Oxşar işlər əvvəllər şimal girişində müşahidə olunub, indi isə bütün ərazi üzrə yayılıb. Hesabatda həmçinin qeyd olunur ki, girişlər bağlanmadan əvvəl avadanlıq və ya materialların tunellərə daşınmış olması mümkündür, lakin bu təsdiqlənməyib.
“Bu cür hazırlıqlar sonuncu dəfə “Gecə çəkici” əməliyyatından əvvəl müşahidə olunub. Həmin əməliyyat zamanı Fordo, Natanz və İsfahandakı obyektlərə zərbələr endirilmişdi”, – hesabatda deyilir.
Tədqiqatçılar bildirirlər ki, bu tədbirlər ABŞ və ya İsrail tərəfindən mümkün hava hücumuna qarşı İranda narahatlığın göstəricisidir. Tunel girişlərinin bağlanması hava hücumundan yaranacaq zərəri azaldacaq və xüsusi təyinatlı qüvvələrin obyektə daxil olub zənginləşdirilmiş uranı ələ keçirməsini və ya məhv etməsini çətinləşdirəcək.
ISIS xatırladır ki, İsfahanda uranın çevrilməsi, nüvə yanacağı istehsalı və digər nüvə fəaliyyəti ilə bağlı əsas obyektlər yerləşir.
Polise.az



