“Rusiya Avropaya qarşı təhdid dilini sərtləşdirir”-ŞƏRH

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Avropaya dair açıqlamaları beynəlxalq gündəmdə geniş rezonans doğurub. O bildirib ki, Rusiyanın Avropaya hücum etmək kimi bir niyyəti yoxdur, lakin ölkə öz təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə hərbi cavab verməyə hazırdır.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Sergey Lavrovun bu bəyanatı son dövrlərdə Rusiya siyasi elitasında Qərbə qarşı artan aqressiyanın bir göstəricisidir:

“Artıq davamlı şəkildə Rusiya hakimiyyət nümayəndələri Avropa ölkələrini təhdid edirlər. Bunun da əsas səbəbi ondan ibarətdir ki, Avropa dövlətləri Rusiyanın Ukraynadakı işğal siyasətini həyata keçirməsinə mane olan əsas əngəllərdən biri hesab olunur və bu baxımdan Rusiyanın Avropaya qarşı kifayət qədər qəzəbli mövqeyi var. Bundan başqa, Lavrovun hazırkı fikri ondan ibarətdir ki, Rusiya Avropaya hücum etmək niyyətində deyil, lakin belə bir hal baş verərsə, sərt cavab verməyə hazırdır. Əslində, biz Rusiyanın digər rəsmilərinin hələ əvvəllər Avropanı hətta nüvə təhlükəsi ilə təhdid etdiyini yaxşı xatırlayırıq. Düşünürəm ki, yaxın dövrlərdə Rusiya–Avropa toqquşması real deyil. Yəni Rusiya hazırkı şərtlərdə Ukraynada girdiyi bataqlıqdan əlavə Avropa ölkələrinə qarşı ikinci bir cəbhə açmaq imkanlarına kifayət qədər malik deyil. Əgər belə bir avantüra baş verərsə, əlbəttə ki, NATO buna lazımi cavab verə bilər”.

Həmçinin şərhçi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin başladığı dörd il ərzində Avropa ölkələri öz hərbi büdcələrini ciddi şəkildə artıraraq təhlükəsizliklərinin təminatı istiqamətində addımlar atıblar:

“Xüsusilə də Almaniya, İngiltərə və digər böyük dövlətlər bu istiqamətdə daha fəal işləyirlər. Bu baxımdan Rusiyanın bu cür avantürası, əlbəttə ki, Amerika Birləşmiş Ştatları, xüsusilə də NATO kifayət qədər sərt reaksiyaya səbəb ola bilər. Belə bəyanatlar ilk dəfə səsləndirilmir və son dörd ildə, xüsusilə də son bir ildə Amerika Birləşmiş Ştatlarının Avropa ölkələrinin təhlükəsizliyinə verdiyi təminatlardan geri addım atdığı müşahidə olunur. Bu səbəbdən Avropa təhlükəsizliyi ilə bağlı daha ciddi addımların atılması planlaşdırılır, təhlükəsizlik sahəsində olduqca böyük maliyyə vəsaiti tələb edən layihələr həyata keçirilir və Avropa ölkələri öz hərbi potensiallarını artırırlar. Bu cür ritorika və təhdidlər isə həmin istiqamətdə fəaliyyəti daha da gücləndirmək üçün əlavə stimul verəcək”.\Cavahir Əsgərbəyli\

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button