Alimlər səhrada naməlum tunellər kəşf etdilər

Geoloqlar Namibiya, Oman və Səudiyyə Ərəbistanının quraq landşaftlarında qeyri-adi, fosilləşmiş dar tunellər aşkar ediblər. Bu tunellər qədim mərmər və əhəngdaşı süxurlarının içərisində yerləşir.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə “Defence Review” yazır.
Mikrostrukturlar şaquli vəziyyətdədir, aralarındakı məsafə eynidir, adətən qayalardakı təbii çatlaqlardan başlayır. Tunellər səthdən görünmür.
Almaniyanın İohann Qutenberq Universitetinin professoru Ses Paşşirin rəhbərliyi ilə aparılan tədqiqatda tunellərin karbonat süxurlarını metabolizə edə bilən naməlum tip endolitik mikroorqanizmlər tərəfindən formalaşdırıldığına dair çoxsaylı sübutlar təqdim olunub.
Alimlər deyirlər ki, hər tunelin diametri bir millimetrdən azdır, amma dərinliyi bir neçə santimetrə çatır. Kiçik ölçülərinə baxmayaraq, bu strukturlar heyrətamiz dərəcədə nizam və təşkilatçılığı nümayiş etdirir. Coğrafi baxımdan bir-birindən uzaq ərazilərdə müşahidə olunan eyni istiqamətlənmə və kimyəvi tərkib tədqiqatçıları bu xüsusiyyətlərin bioloji mənşəli olub-olmadığını araşdırmağa sövq edib.
Tədqiqatçılar müəyyən ediblər ki, tunellərin daxili örtükləri onları əhatə edən materialdan kimyəvi cəhətdən fərqlənir. Tunellərdə aşar edilən maddələrdə dəmir, manqan və nadir torpaq elementləri az olsa da, kifayət qədər üzvi karbon, fosfor və kükürd mövcuddur.
Stabil izotopların analizi tunellərin daxili hissəsi ilə ətrafdakı süxurlar arasında karbon və oksigen izotoplarının nisbətlərində fərqlər olduğunu da göstərib. Bu fərqlər tunellərin formalaşması zamanı üzvi maddənin parçalanmış ola biləcəyini ehtimal etməyə imkan verir.
Alimlər qeyd edirlər ki, bütün nümunələrdə tunellər məkandanyayınma davranışı nümayiş etdirir. Hər tunel müstəqil şəkildə inkişaf edir, digərləri ilə kəsişmir, nəticədə bir-birinə toxunmayan, bərabər paylanmış şaquli massivlər əmələ gətirir.
Tədqiqatçılar belə bir mənzərənin mikrobların yerli kimyəvi qradientlərə reaksiya verərək, həddindən artıq sıx məskunlaşmadan yayınmasına səbəb olan xemotaksis davranışın nəticəsi ola biləcəyi iddiasını irəli sürüblər.
Komanda müşahidə edib ki, tunellər adətən qırılma zonalarında, çox vaxt mərmər laylarının birləşmə yerlərindən başlayır. Tunellərin daxilində bəzən laylı mineral strukturlara da rast gəlinir, bunlar tunellərin yaranması zamanı ətraf mühit şəraiti ilə əlaqəli ola bilər.
Alimlər bu mikrostrukturlar üçün rəsmi təsnifat təklif etməyiblər və əlavə tədqiqatların zəruri olduğunu vurğulayıblar. Həmçinin bildiriblər ki, bu cür formasiyalar hələlik tədqiq olunan üç regiondan kənarda aşkar edilməyib.
Polise.az



