Asif Mərzili «Təzadlar» qəzetini Qarabağa köçürür- RƏSMİLƏR MƏLUMATLANDIRILIB

Bu barədə qəzetin və eyni adlı saytın baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili «YeniXeber.org»a özü məlumat verdi. Jurnalist daha bir maraqlı faktı da açıqladı. Məlum oldu ki, o, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi təyin edilmiş Emin Hüseynova müraciət də edib. Sitat: «…Bəli, mən bu barədə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı Xüsusi Nümayəndəliyinin rəhbəri cənab Emin Hüseynovun adına müraciət hazırlamışam. Həmin müraciətin qısa icmalını Nümayəndəliyin mətbuat rəsmisi Leyla xanım Sərabiyə göndərmişəm… Ötən gün özü ilə də danışmışam… Hesab edirəm ki, bu niyyətimiz baş tutacaq və redaksiyamız Qarabağ bölgəsində, ola bilsin Xankəndi və ya Ağdamda fəaliyyətini davam etdirsin…».

Asif Mərzili müraciətinin qısa məzmunu ilə bizi də tanış etdi: «…Müraciətimdə vurğulamış və təklif etmişəm ki, Ağdamda Media Mərkəzi yaradılsın və redaksiyanı ora köçürməklə, 30 il arzuladığımız Qarabağ torpağında fəaliyyətimizi davam etdirək. Çünki bəzi məlumatsız, araqarışdıranlar yazır və onlara qoşulanlar da deyir ki, guya Ağdamdan, eləcə də digər rayonlardan olan köçkünlər yurduna qayıtmır, Bakıda məskunlaşdıqları binalardan, mənzillərdən köçmür və s. Eləcə də iddialar var ki, yeni tikilən rayon mərkəzlərində, qəsəbələrdə və təmir olunan evlərdə ciddi korrupsiya hüquqpozmaları və s. vardır. Ermənistanın sosial şəbəkə istifadəçiləri də bu cür informasiyalara sevinirlər… Bizim həm də internet üzərindən TV kanalımız, saytımız, TikTok platformamız var… Həmçinin Qarabağın işğaldan azad edilmiş bölgələrində Səriyyə Müslümqızı kimi tanınmış jurnalist-xüsusi müxbirimiz var. Şuşada, Xankəndidə, Kəlbəcərdə, Füzuli və Cəbrayılda… məskunlaşmış jurnalistlər də var ki, onların da potensialından istifadə edərək peşəkar fəaliyyət qura, Qarabağ həqiqətlərini dünyaya, eləcə də Azərbaycan auditoriyasına olduğu kimi çatdıra  bilərik. Sadəcə, bu işdə Dövlət qurumları səviyyəsində dəstək lazımdır. Bu həm cəmiyyətimizə bir nümunə olar, həm də köçkünlərin guya yurduna qayıtmamasını dilə gətirərək «Böyük Qayıdış»a kölgə salan və anti-təbliğatla məşğul olan məlum bloggerlərə bir cavab olardı. Ən nəhayət, köçkünlərimizə də bir çağırış olar ki, əgər jurnalistlər Qarabağa qayıdırsa, bəs onlar kimi gözləyir???».

Asif Mərzili sonda bir vacib məsələni də qeyd etdi: «Mən bir dəfə Medianın İnkişafı Agentliyi qarşısında təşəbbüs qaldıraraq təklif vermişdim ki, Agentlik layihələrində jurnalistlərin işğaldan azad olunmuş ərazilərimizdəki prosesləri birbaşa yerindən işıqlandırmaları ayrıca maliyyələşdirsə, yaxşı olar… Bilirəm ki, MEDİA-nın rəhbərliyi, şəxsən Əhməd İsmayılov belə təşəbbüsləri dəstəkləyəndir… Bu dəfə də inanıram ki, «Təzadlar»ın bu təklif və təşəbbüslərinə Agentlikdən də lazımi dəstək gələcək…».

SƏBUHİ

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button