Bakının da olduğu Sülh Şurası TOPLAŞIR – İlk dəfə üçün 5 milyard

ABŞ lideri Donald Tramp tərəfindən yaradılan Sülh Şurası fevralın 19-da keçiriləcək ilk iclasında Qəzza sektorunun bərpası üçün 5 milyard dollardan çox vəsait ayıracağını açıqlayacaq. Musavat.com bildirir ki, bu platforma Yaxın Şərqdə sabitliyi bərpa etmək məqsədi daşıyır. Şura bir çox ölkənin, o cümlədən Azərbaycanın da cəlb edilməsi ilə genişləndirilib. 

İclas zamanı Qəzza üzrə atəşkəsin ikinci mərhələsinin ilkin nəticələri müzakirə olunacaq və anklavın bərpası üçün maliyyə toplama planları irəli sürüləcək. İlk iclas Amerika Sülh İnstitutunda keçiriləcək. Hazırda “Sülh Şurası”na ABŞ prezidenti Trampın sədrlik etdiyi 27 ölkə daxildir. BMT Təhlükəsizlik Şurası yeni orqanı atəşkəsin yerinə yetirilməsini izləmək, yeni hökumətin formalaşdırılması və Qəzza bölgəsinin bərpası üzrə işləmək üçün səlahiyyətləndirib.

Yada salaq ki, Prezident İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına qoşulması ilə bağlı sənəd imzalayıb. İlk iclasda Azərbaycan Prezidentinin iştirakı gözlənilir, lakin bu haqda hələlik rəsmi məlumat verilməyib.

Tramp Qəzza üçün maliyyə planını “Sülh Şurası”nın ilk iclasında açıqlayacaq

Qeyd edək ki, fevralın 6-da Tramp administrasiyası dünya ölkələrinin liderləri ilə əlaqə saxlayaraq təşkilati və logistika məsələlərini müzakirəyə başlayıb. İsrail rəsmiləri bildirirlər ki, Netanyahunun fevralın 18-də Trampla Ağ Evdə görüşməsi planlaşdırılır. Yəni görüşdən bir gün sonra Qəzza üçün ilk toplantı keçiriləcək. Qəzza üzrə atəşkəsin ikinci mərhələsi çox ləng də olsa həyata keçirilir. İsrail “Rafah” keçid məntəqəsini açıb, lakin yalnız çox məhdud sayda sakin keçə bilir. Yeni hökumət isə hələ ki, Qəzza xaricində, Misirdən fəaliyyət göstərir. ABŞ, Misir, Qətər və Türkiyə vasitəçilik edərək HƏMAS-la atəşkəs barədə razılığa gəlməyə çalışır.

“Hesab edirəm ki, böyük gələcəyi olan təşkilatın – Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü”.

Musavat.com xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə Azərbaycan telekanallarına müsahibəsində deyib.

“Ölkələr, bir çox ölkələr ona sadəcə məhəl qoymurdu. Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək. Azərbaycanın nümunəsi isə bunu həqiqətən nümayiş etdirir. Beləliklə, yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər üzrə yeni sistemin peyda olması, əlbəttə ki, işlənilmə mərhələsində idi. Məsələ onda idi ki, ilk addımı atmaq üçün kim üzərinə məsuliyyət götürəcək. Hesab edirəm ki, böyük gələcəyi olan təşkilatın – Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü”, – Azərbaycan Prezidenti deyib.

Emil Salamoğlu
Musavat.com

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button