Zelenski:”Rusiya danışıqlar günü belə Ukraynaya hücum edir”

Rusiya hərbçiləri Cenevrədə danışıqların başladığı gün Ukraynaya kütləvi zərbə endiriblər.
“Report”un “İnterfaks-Ukrayna”ya istinadən məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı etdiyi videomüraciətdə bildirib.
“Müxtəlif tipli 29 raket var idi və onlardan 25-ni vurmaq mümkün oldu. Hətta Cenevrədə növbəti – üçtərəfli, ikitərəfli, Amerika ilə olan danışıqların başladığı günü Rusiyanın cavabı zərbələrlə olur. Bu, Rusiyanın nə istədiyini və nəyə kökləndiyini çox aydın nümayiş etdirir. Həmçinin 400-ə yaxın dron istifadə olunub”, – Ukrayna lideri vurğulayıb.
Bununla yanaşı, o, Ukraynanın zərbələrdən çəkinməyə hazır olduğunu bəyan edib.
“Bizə müharibə lazım deyil. Biz həmişə adekvat hərəkət edirik: öz dövlətimizi, müstəqilliyimizi qoruyuruq. Həmçinin müharibənin başa çatması haqqında ləyaqətli razılaşmaya doğru sürətlə irəliləməyə hazırıq”, – o bildirib.
Bundan əlavə, Zelenski diqqəti ona da yönəldib ki, bu gün istifadə olunan bütün Rusiya raket və dronlarında minlərlə xarici istehsal komponenti olub. O, tərəfdaşların Rusiya üçün silah istehsalında kritik əhəmiyyət kəsb edən komponentlərin tədarük zəncirlərini real şəkildə bloklamasının təkcə Ukrayna üçün deyil, bütövlükdə qlobal təhlükəsizlik üçün vacibliyini vurğulayıb.
Qeyd edək ki, bu gün İsveçrədə ABŞ, Rusiya və Ukrayna arasında danışıqların növbəti raundunun ilk günü başa çatıb.
Polise.az



