Prezidentin təhlükəsizlik perimetri… – Müdaxilə tam qanuni olub!

Xəbər verdiyimiz kimi, ötən gün Vaşinqtonda bir neçə şəxs Prezident İlham Əliyevin qaldığı hotelin ətrafında təhlükəsizlik perimetrini zorakı formada pozmağa çalışıb.
Bu zaman qeyri-etik ifadələr işlədən, təhrikedici və zorakı addımlar atan şəxslərin cəhdlərinin qarşısı ABŞ polisi və Prezidentin təhlükəsizlik xidməti tərəfindən alınıb.
Teleqraf-ın məlumatına görə, ABŞ-də təhlükəsizlik perimetri xüsusilə Prezidentin iştirak etdiyi tədbirdə və ya xarici dövlət başçısı səfəri zamanı yaradılır.
Bəzi hallarda isə ərazi “restricted access area” kimi rəsmiləşdirilir və ora daxil olmaq üçün akkreditasiya tələb olunur.
Bu zaman baryeri aşmaq, qorunan şəxsə doğru yaxınlaşmaq, təhlükəsizlik əməkdaşına fiziki müqavimət göstərmək qadağandır. Təhlükəsizlik əməkdaşının qanuni əmrinə tabe olmayana isə daha ağır federal ittiham tətbiq oluna bilər.
ABŞ-də təhlükəsizlik perimetri hər tədbir üçün ayrıca müəyyən olunur. Məsafəni adətən yerində qurulan baryerlər və təhlükəsizlik əməkdaşlarının göstərişləri müəyyən edir. Əgər təhlükəsizlik xidmətinin əməkdaşı “geri çəkilin” deyirsə, o andan etibarən həmin xətt hüquqi sərhəd sayılır.
Birmənalı olaraq, etirazçı baryerin kənarında dayanmalıdır. Təhlükəsizlik əməkdaşının “geri çəkilin” əmri verilərsə, həmin xəttdən geridə qalmaq lazımdır.
ABŞ-də etiraz və söz azadlığı yalnız təhlükəsizlik zonasını pozulmadığı müddətdə qorunur. Qorunan yaxın zonaya, hotel girişinə doğru yaxınlaşma qanunla dərhal müdaxilə və saxlanılma tələb edir.
Qeyd edək ki, qorunan yaxın zonaya kortej, hotel girişi və qorunan şəxsin hərəkət trayektoriyası daxildir. Bunların hər hansı birinə fiziki yaxınlaşma dərhal müdaxilə ilə nəticələnir.
Onu da əlavə edək ki, açıq ictimai zonada meqafondan istifadə etmək icazəlidir. Amma təhlükəsizlik perimetri daxilində isə əmrlərə tabedir və məhdudlaşdırıla bilər. Bu, fiziki yaxınlıq, təhdid və baryer pozuntusu ilə birləşirsə, o zaman dərhal qanuni müdaxilə tələb edir. Qorunan yaxın zonaya, konkret olaraq hotetin giriş qapısına doğru ərazidə meqafon qəti qadağandır. Bir sözlə, ötən gün ABŞ polisi və Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxiləsi tam qanuni olmaqla yanaşı, zərurət tələb edib.
Polise.az



