Xidmət zamanı həlak olan FHN əməkdaşı dəfn olunub – YENİLƏNDİ/FOTOLAR

Həlak olan FHN əməkdaşı Hakim Piriyev Neftçalanın Şorkənd kəndində dəfn olunub.
Dəfn mərasimində nazirliyin əməkdaşları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev hadisənin baş verməsindən danışıb:
“Hadisə yerində baş vermiş yanğını söndürərkən məlum hadisə baş verib. Yanğın qısa zamanda söndürülüb, lakin təəssüflər olsun ki, hadisə zamanı qəhrəmanlıq göstərən əməkdaşımız dünyasını dəyişib. Yanğınsöndürən peşəsi şərəfli və dəyərlidir. Əməkdaşımız kimi hər birimiz xalqımıza, millətimizə və dövlətimizə xidmət etməyə hazırıq”.
Qeyd edək ki, fövqəladə hallar orqanlarında 19 ilə yaxın iş təcrübəsi olan Hakim Piriyev xidmət göstərdiyi müddətdə işgüzar, məsuliyyətli və vətənpərvər əməkdaş kimi kollektivin hörmətini qazanıb. O, iştirak etdiyi çoxsaylı yanğınsöndürmə əməliyyatlarında cəsur və peşəkar yanğınsödürən kimi vəzifə borcunu layiqincə yerinə yetirib.
***
13:10
Bu gün səhər saatlarında Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən yük avtomobilinin vurması nəticəsində həlak olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Hakim Piriyevin vida mərasimi keçirilir.
Teleqraf-ın əldə etdiyi məlumata görə, mərhum bu gün Salyan rayonunun Şorkənd kəndində torpağa tapşırılacaq.
Mərasimdə FHN-in rəhbər şəxsləri iştirak edəcək.

.jpg)
.jpg)



