Vaşinqtonda Xocalı soyqırımının ildönümü ilə bağlı sərgi təşkil olunub – YENİLƏNİB

ABŞ-nin paytaxtı Vaşinqtonda Xocalı soyqırımının 34-cü illiyinə həsr olunmuş “Qaranlıqdan işığa” adlı sərgi və rekviem konserti təşkil olunub.

“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Özbəkistan və bir sıra ölkələrin səfirləri və digər diplomatik korpus nümayəndələri, yerli ictimaiyyət və Azərbaycanın ABŞ-dəki diaspor təmsilçiləri iştirak edib.

Tədbirdə Azərbaycanın tanınmış rəssamı Nazim Məmmədovun Xocalı soyqırımına həsr olunmuş kolleksiyası nümayiş olunub.

İlk olaraq Xocalı soyqırımı zamanı həlak olmuş insanların və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu yad edilib.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim azərbaycanlıların başına gətirilən bu faciədən danışıb və bu qaranlıq günlərin xalqı daha da gücləndirdiyini deyib:

“Dünyanın hər yerində yaşayan azərbaycanlılar bu günahsız insanların ruhlarının təkcə xatirələrdə deyil, həm də əməllərdə yaşamasına məsuliyyət daşıyır”.

“Arts Council Azerbaijan”ın direktoru Dadaş Məmmədov tədbir çərçivəsində açılan sərgi barədə danışaraq atası, tanınmış rəssam Nazim Məmmədovun Xocalı soyqırımına həsr etdiyi bu əsərləri həyatının 10 ili ərzində yaratdığını deyib.

O, 2002-ci ildə Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə 40-a yaxın əsərlərdən ibarət sərginin Milli İncəsənət Muzeyində açıldığını xatırladaraq sərgidə Nazim Məmmədovun bununla da özünün həyat missiyasını yerinə yetirdiyini əlavə edib.

D.Məmmədov bu sərginin bütün dünyada təşkil edildiyini və kolleksiya haqqında hekayələri danışaraq incəsənət vasitəsilə bunu nümayiş etdirməkdən məmnun olduğunu vurğulayıb.

Daha sonra tədbirdə azərbaycanlı bəstəkar və pianoçu Turan Manafzadənin ifasında Abuzər Manafzadənin “Xocalıya”, Turan Manafzadənin “Mənim Azərbaycanım”, Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz”, Elza İbrahimovanın “Sən yadıma düşəndə”, “Laçın”, “Sarı gəlin” xalq mahnıları, “Nazəndə sevgilim” mahnısı, Aşıq Veysəlin “Uzun, ince bir yoldayım”, bəstəkarlar Fredrix Şopenin və Con Keycin əsərləri səsləndirilib.

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

 

 

LED ekranlarla təchiz olunmuş avtomobillər şəhərin mərkəzi küçələrində hərəkət edərək bir sıra mühüm dövlət binalarının qarşısından keçiblər. Marşrut ABŞ Konqresinin binası (Kapitol binası), Ağ ev (ABŞ Prezidentinin iqamətgahı), Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, Pentaqon (ABŞ Müdafiə Nazirliyinin qərargahı) və digər dövlət əhəmiyyətli obyektləri əhatə edib.

 

 

Aksiyanın əsas məqsədi Xocalı faciəsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, qurbanların xatirəsini anmaq və ədalət çağırışını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Məlumatlandırma aksiyası gün ərzində davam edəcək.

 

 

LED ekranlarda “Xatırla, hörmət et, düşün -XOCALI 1992”, “34 il sonra, biz hər bir ruhu xatırlayırıq”, “XOCALI 1992 faciəsi – dünya bunu unutmamalıdır”, “XOCALI – onların cəsarəti və ağrısı bizimlədir”, “Xocalı qurbanları anır, xatirələrini əziz tuturuq”, “XOCALI soyqırımını unutma”, “Maarifləndir, ədalət tələb et və həmrəylik göstər”, “Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik”, “XOCALI üçün ədalət”, “Faciədən xatirəyə- XOCALI yaşayır”, “Günahsızlar üçün xatırla, ədalət üçün danış”, “Bir soyuq gecə – minlərlə itki”, “34 il sonra da XOCALI danışır” şüarlar nümayiş etdirilib.

 

 

Aksiya çərçivəsində beynəlxalq ictimaiyyət Xocalı faciəsini unutmamağa, qurbanların xatirəsinə ehtiram göstərməyə və ədalətin təmin olunmasına dəstək verməyə çağırılıb.

 

Vaşinqtonda Xocalı soyqırımının ildönümü ilə bağlı sərgi təşkil olunub - YENİLƏNİB
Vaşinqtonda Xocalı soyqırımının ildönümü ilə bağlı sərgi təşkil olunub - YENİLƏNİB
Vaşinqtonda Xocalı soyqırımının ildönümü ilə bağlı sərgi təşkil olunub - YENİLƏNİB
Vaşinqtonda Xocalı soyqırımının ildönümü ilə bağlı sərgi təşkil olunub - YENİLƏNİB
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button