Təyyarəmizi vurmuş hərbçiləri cəzalandırmamış Rusiya hansı üzlə Bakıya generallar göndərir?..

“Rusiya yalnız maliyyə cəhətdən deyil, eyni zamanda geopolitik cəhətdən də çox qısqac, sıxıntı altındadır, imkanları hədsiz dərəcədə məhdudlaşıb və çox aciz bir duruma düşüb…”
“Özü üçün bu cür katastrofik durumda Moskva qılıqlanma siyasətinə keçməyə, rəsmi Bakı ilə münasibətləri yaxşılaşdırmağa, onları ən azı əvvəlki səviyyəyə qaytarmağa çalışır ki…”
Xəbər verildiyi kimi, dünən –fevralın 25-də Bakıya Rusiya Federasiyasının növbəti yüksək səviyyəli hərbi nümayəndə heyəti təşrif buyurub. Nümayəndə heyətinə Rusiya Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin rəisi, Hərbi-Kosmik Qüvvələrin silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexov rəhbərlik edir. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Namiq İslamzadə ilə görüş keçirib, həmçinin Milli Müdafiə Universitetində təşkil olunan seminarda iştirak edib…
Maraqlıdır, görəsən, artıq üzərindən bir il iki ay zaman keçməsinə rəğmən Azərbaycanın “AZAL”-a məxsus mülki sərnişin təyyarəsinin öz ərazisində vurulub çoxsaylı vətəndaşımızın itkisinə səbəb olmasına görə rəsmən, heç bir tələbimizi yerinə yetirməmiş, açıq efirdə üzr istəməmiş, bu faciəyə görə zərərçəkənlərə və dövlətimizə heç bir təzminat ödəməmiş və onu törədən hərbçiləri cinayət məsuliyyətinə cəlb etmək əvəzinə qaldırılmış cinayət işinə xitam vermiş, üstəlik, hələ I Qarabağ savaşı dövründə və sonrakı dövrlərdə nəinki dövlət xadimlərinin uçduğu mülki, eyni zamanda müxtəlif təyinatlı hərbi uçaqlarımızın vurulmasında da adı hallanan Rusiya dövləti hansı üzlə Bakıya guya hərbi sahədə əməkdaşlıq məqsədilə öz generallarını yollayır? Özü də 34 il öncə Rusiyanın keçmiş 366-cı alayının komandanlığı ilə törədilmiş Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində…

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bu fikirləri dilə gətirib:
“Bilirsiz, onu nəzərə almaq lazımdır ki, hazırda Rusiya yalnız maliyyə cəhətdən deyil, eyni zamanda geopolitik cəhətdən də çox qısqac, sıxıntı altındadır, imkanları hədsiz dərəcədə məhdudlaşıb və çox aciz bir duruma düşüb. Və belə bir vəziyyətdə Rusiya ilə NATO arasında birbaşa müharibənin baş verəcəyi ehtimalı da yüksək görünür. Ukraynada hərbi əməliyyatları dayandıra bilməyən bu imperiya tam çıxılmaz vəziyyətdədir. Bu nöqteyi-nəzərdən Rusiya boğulmamaq üçün sanki saman çöpündən də yapışmağa çalışan adam timsalındadır. Dünyada və meydanda tək qalıb, elə bir ciddi müttəfiqi yoxdur. Hətta Çin də ondan uzaqlaşıb. Şimali Koreya belə, demək olar ki, uzaqlaşmış kimidir. Odur ki, dünənədək Azərbaycana hədə-qorxu gələn, bizi təhdid edən Kreml isteblişmenti indi anlayır ki, bu ölkə Güney Qafqazda yüksək hərbi gücə malik olan bir dövlətə malikdir. Üstəlik də, Türkiyə kimi strateji müttəfiqi, Pakistan kimi dostu var. Azərbaycan son vaxtlar MDB-nin tədbirlərində iştirak etmir, hətta həmin qurumdan çıxmağa hazırlaşır və NATO-ya doğru meyillənir, ABŞ-la yaxşı münasibətlər qurub. Və belə bir şəraitdə Rusiya Güney Qafqazdan vurulub çıxarılmaq üzrədir. Ona görə də özü üçün bu cür katastrofik durumda Moskva qılıqlanma siyasətinə keçməyə, rəsmi Bakı ilə münasibətləri yaxşılaşdırmağa, onları ən azı əvvəlki səviyyəyə qaytarmağa çalışır ki, heç olmasa, sabah rəqiblərdən qorunmaq üçün bizim vasitəmizlə nəsə edə bilsin…”
Polise.az



