Ankarada Xocalı Abidəsinin önündə anım mərasimi keçirilib

Ankaranın Keçiören rayonunda Xocalı Abidəsinin qarşısında anım mərasimi keçirilib.
Polise.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin və Ankara şəhərinin Keçiören bələdiyyəsinin birgə təşkilatçılığı ilə Qələbə (Kalaba) Şəhər Meydanında Xocalı Abidəsinin qarşısında hər iki ölkənin dövlət himnləri səsləndirilib, sıyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında Ermənistanın uzun illər türklərə qarşı soyqırımı və etnik təmizlik siyasəti apardığını qabardıb. “Xocalı soyqırımı da bu siyasətin davamı olduğu üçün unudulmamalıdır”, – səfir bildirib.
Keçiören bələdiyyəsinin sədri müavini Atilla Zorlu bildirib ki, Xocalıda baş verənlər təkcə Azərbaycanın deyil, bütün türk xalqının və bəşəriyyətin ortaq ağrısıdır: “Bu vəhşilik tarixə bəşəriyyət üçün utancverici bir dövrün simvolu kimi daxil olub”.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan bu cinayətin dünya ictimaiyyətinə çatdırılması üçün türk dünyasında birgə fəaliyyətə ehtiyac var.
Tədbirin sonunda Qələbə meydanındakı Xocalı abidəsi önünə əklillər qoyulub.
Polise.az



