Məzuniyyət günlərinin artırılması irəli sürüldü

İşçilərin istirahət hüququnun təmin edilməsi məqsədilə əmək stajından asılı olaraq əlavə məzuniyyət günlərinin artırılması və iş vaxtı normalarına yenidən baxılması irəli sürülüb.
Polise.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Yeni təkliflər paketi işçilərin əmək və istirahət hüquqlarının daha səmərəli təmin olunmasını hədəfləyir. Bu məqsədlə Əmək Məcəlləsinin 116-cı maddəsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, əmək stajı 15 ildən 20 ilədək olduqda 6 təqvim günü, 20 ildən çox olduqda isə 8 təqvim günü müddətində əlavə məzuniyyətin verilməsi nəzərdə tutulur.
Həmçinin, beynəlxalq təcrübə nəzərə alınmaqla, işçilərin fiziki və psixoloji sağlamlığının qorunması məqsədilə günlük və həftəlik iş vaxtı normalarına yenidən baxılması təklif olunub.
Polise.az



