Astara Dövlət Sərhəd Keçid Məntəqəsində təxliyə prosesi davam edir – FOTO/ YENİLƏNDİ

Astara Dövlət Sərhəd Keçid Məntəqəsində təxliyə prosesi fasiləsiz şəkildə davam etdirilir.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, az öncə 20 nəfərə yaxın Pakistan vətəndaşı Azərbaycan sərhədini keçərək təxliyə olunub. Onların arasında azyaşlılar da var.

Qeyd edək ki, sərhəd-keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə fəaliyyət göstərir. Son iki gün ərzində müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsi həyata keçirilib.

Hazırda gecə saatlarında Rusiya vətəndaşlarının da təxliyə olunacağı gözlənilir.

***

14:46

Martın 1-də İrandan Astara Sərhəd Gömrük keçid məntəqəsi vasitəsilə Birləşmiş Ərəb Əmirliklərinin 6 nəfər diplomatik nümayəndəsi Azərbaycana təxliyə olunub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, diplomatlar müvafiq sənəd yoxlanışından keçdikdən sonra sərhəd ərazisini tərk ediblər.

Bildirilib ki, onlar üçün ayrılmış nəqliyyat vasitəsi ilə Bakı şəhərinə yola salınıblar.

Qeyd edək ki, bölgədə yaranmış vəziyyətlə əlaqədar bir sıra ölkələrin diplomatik nümayəndələrinin və vətəndaşlarının Astara sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyəsi davam etdirilir.

***

14:05

İordaniyanın İrandakı səfirliyinin 4 nümayəndəsi Astara Sərhəd Gömrük keçid məntəqəsindən Azərbaycan ərazisinə təxliyə olunub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, diplomatlar müvafiq prosedurlardan keçdikdən sonra ölkə ərazisinə buraxılıblar.

İordaniyanın İrandakı səfiri Əşrəf Khasawneh jurnalistlərə açıqlamasında Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

“Azərbaycanı çox sevirəm. Azərbaycan dövlətinə təşəkkür edirəm. İnanıram ki, növbəti dəfə bu gözəl ölkəyə turist kimi gələcəyik”, – deyə səfir vurğulayıb.

Qeyd edək ki, bölgədə yaranmış vəziyyətlə əlaqədar bir sıra xarici ölkə vətəndaşlarının Astara sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyəsi davam etdirilir.

***

12:26

Astara sərhəd keçid məntəqəsindən xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu gün beş Tacikistan vətəndaşı Astara sərhəd keçid məntəqəsindən keçərək təxliyə olunub. Onların eyni ailənin üzvləri olduğu bildirilir.

Gün ərzində, xüsusilə səhər saatlarından etibarən daha çox Azərbaycan vətəndaşlarının təxliyə olunduğu müşahidə edilib. Bildirilir ki, indiyədək 30-dan çox Azərbaycan vətəndaşı təxliyə olunaraq ölkə ərazisinə keçib.

Hazırda isə qarşı tərəfdə – İran ərazisində təxliyə olunmasını gözləyən xeyli sayda xarici ölkə vətəndaşının olduğu qeyd edilir.
Proses müvafiq prosedurlara uyğun şəkildə davam etdirilir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button