Milli Məclisdən sərt qərar: Elektron siqaretlə vidalaşmağın vaxtı çatdı

Artıq Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan olunmuş yerlərdə cərimələnəcək. Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Qanuna əsasən, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret istifadə edən şəxslər 30 manat məbləğində cərimə olunacaq.
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi 2026-cı il aprelin 1-dən tam qadağan ediləcək. Qanunun məqsədi vətəndaşların sağlamlığının qorunması və ictimai yerlərdə təhlükəsiz mühitin təmin edilməsidir.
Hüquqşünas Şəmsəddin Əliyev bu barədə Crossmedia.az-a açıqlama verib:
“Məqsəd Milli Məclisdə Azərbaycan xalqının iradəsini ifadə edən və Azərbaycan xalqını təmsil edən millət vəkillərinin vətəndaşların həyat və sağlamlığına yönələn zərərli vərdişlərin qarşısını almaq missiyasını yerinə yetirməsidir. Heç olmasa qismən bunun qəbul edilməsinin qarşısını almaq və zərəri azaltmaq məqsəd qoyulub.
Faktiki olaraq, Milli Məclisin mövqeyi Azərbaycan dövlətinin Konstitusiyasının 12-ci maddəsində göstərilən ali məqsəd ilə üst-üstə düşür. Bu məqsəd vətəndaşların layiqli həyat səviyyəsinin, hüquq və azadlıqlarının təminatı və rifah halının yaxşılaşdırılmasını əhatə edir.
Qanunun qəbul edilməsi, İnzibati Xətalar Məcəlləsində cərimələrin artırılması və qanunun aprelin 1-dən qüvvəyə minməsi qərara alınıb. İnsanların ictimai yerlərdə və küçələrdə, həmçinin asudə vaxtlarını ailəsi ilə və ya fərdi keçirərkən tütün məmulatlarından və elektron siqaretlərdən istifadə etməsi digərlərinin həyat və sağlamlığı üçün zərər yaradır. Buna nəzarət gücləndirilməlidir.
Bu nəzarəti Azərbaycan polisi həyata keçirə bilər. Bunun müəyyən həddə Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinə də şamil olunması məqsədəuyğundur.
Azərbaycan polisi cinayətkarlıqla mübarizə aparan qurumdur, dövlətin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir. Bu baxımdan elektron siqaretlərin küçələrdə və vətəndaşların kütləvi istirahət etdiyi yerlərdə satışının qadağan edilməsi mühüm əhəmiyyət kəsb edir”.
Ş.Əliyev həmçinin bildirib ki, küçələrdə və parklara giriş hissələrində satış həyata keçirilir. Belə ki, qəzet köşkləri deyilən yerlərdə qəzetdən başqa müxtəlif məhsullar satılır. Bu sahədə nəzarət gücləndirilməlidir:
” Zərərli vərdişlərin kütləvi yayılmasının qarşısını almaq üçün həmin məhsulların idxalı məhdudlaşdırılmalıdır.
Məhsul ölkəyə gətirilirsə, onun idxalına əvvəlcədən məhdudiyyət tətbiq olunmalıdır. Ümumilikdə məsələ elektron siqaretlərlə bağlıdır. Avropaya inteqrasiya prosesi zamanı milli-mənəvi dəyərlərə zidd olan halların deyil, müsbət nümunələrin götürülməsi vacibdir. Maarifləndirmə, mütaliə və cəmiyyətin mədəni inkişafına təsir edən davranış modellərinə üstünlük verilməlidir. Milli-mənəvi dəyərlərin qorunması əsas prinsiplərdən biri kimi saxlanılmalıdır”.
Fatimə Məmmədova



