Ukrayna XİN: İranın Azərbaycana hücumu bu rejimin qlobal təhdid olduğunun göstəricisidir

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İranın Azərbaycana qarşı həyata keçirdiyi hücumu kəskin pisləyib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı sosial media hesabında paylaşım edib.
Nazir bildirib ki, bu addım Tehran rejiminin Yaxın Şərq və Avropada törətdiyi məsuliyyətsiz hücumların davamıdır.
“İran terrorçularının Azərbaycana zərər vurması, Rusiyaya dronlar verməklə Ukraynada dağıntılar törətməsi və digər ölkələrdə xaos, qətl və qeyri-sabitlik yaratması üçün heç bir əsas olmayıb”.
Onun sözlərinə görə, Azərbaycana edilən hücum Tehran rejiminin təkcə regional deyil, qlobal bir təhdid olduğunu növbəti dəfə nümayiş etdirir. Nazir vurğulayıb ki, bu təhlükə yalnız İranla məhdudlaşmır və onun Rusiya kimi müttəfiqlərini də əhatə edir.
Ukraynalı nazir beynəlxalq birliyi İran rejimindən gələn təhdidləri neytrallaşdırmaq, İran xalqına normal həyat şansı tanımaq və Yaxın Şərqdə, eləcə də ondan kənarda sabitliyi bərpa etmək üçün səyləri birləşdirməyə çağırıb.
Polise.az



