İran niyə Naxçıvanı hədəf aldı? – Mühüm məqamlar üzə çıxdı

Xəbər verdiyimiz kimi, martın 5-də Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.

İran niyə Naxçıvanı hədəf aldı?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, İranın belə təxribatçı addım atması ehtimalı kifayət qədər yüksək idi:

“Hələ müharibə başlamamışdan əvvəl İran rəsmiləri bəyan etmişdilər ki, əgər ABŞ və İsrail ölkəyə hücum edərsə, bu münaqişə sərhədlərimizi aşacaq. Lakin o zaman belə hesab olunurdu ki, əsasən ABŞ hərbi bazalarının yerləşdiyi və ya ərazisindən, hava məkanından İrana qarşı hücumlar üçün istifadə edilən ölkələr hədəfə alına bilər. Azərbaycan isə heç bir halda bu kateqoriyaya aid olmadığına görə belə bir ehtimal çox aşağı qiymətləndirilirdi. Çünki Azərbaycan ərazisində hər hansı başqa ölkənin, o cümlədən ABŞ və İsrailin hərbi bazaları mövcud deyil.

Bundan başqa, Azərbaycan öz ərazisindən və hava məkanından İrana qarşı hücumlar üçün istifadə edilməsinə heç vaxt imkan verməyib. Ona görə də Tehranın bu addımı açıq şəkildə təxribat xarakteri daşıyır. Üstəlik, İranda müəyyən dairələr hələ 12 günlük müharibə zamanı da Azərbaycanı ittiham etməyə çalışmışdılar. Doğrudur, İran Prezidenti və digər rəsmi şəxslər bu iddiaları təkzib etmişdi. Lakin baş verən hadisə göstərir ki, İranda bəzi dairələr Azərbaycanla münasibətləri korlamaq və yaranmış fürsətdən istifadə edərək ölkəmizə qarşı addım atmaq üçün məqam axtarırlar”.

oqtay qasimov 5

Oqtay Qasımov

Politoloq bildirib ki, hazırda İran ordusunda da vahid koordinasiya tam şəkildə təmin olunmayıb:

“Bəzi birliklər müəyyən dərəcədə müstəqil qərarlar verə bilirlər. Bu hadisə xüsusilə narahatedici və qəbuledilməzdir. Hesab edirəm ki, Azərbaycan tərəfi bununla bağlı ciddi tədbirlər görməli və İranın bu cür təxribatçı hərəkətləri cavabsız qalmamalıdır. Ərazimizə yönələn hər hansı təcavüzün qarşısı qətiyyətlə alınmalı və İran baş verənlərdən nəticə çıxarmalıdır. Çünki onların bizimlə düşmənçilik siyasətini davam etdirməsi və bu cür addımlar atması, əslində, İslam Respublikasının öz mövqeyini daha da zəiflədir, onsuz da aşağı olan etimad səviyyəsini isə azaldır. Bu isə nə regionun maraqlarına, nə də tərəflərin öz maraqlarına uyğundur. Eyni zamanda, İran və Azərbaycan arasında münasibətlərin korlanması heç bir tərəfin marağında deyil. Lakin görünən odur ki, İran rejimi və onun siyasətini müəyyən edən bəzi çevrələr münasibətləri daha da gərginləşdirmək və hətta tamamilə korlamaq istiqamətində addımlar atmaq niyyətindədirlər”.\Ləman İmran\

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button