Naxçıvana atdığı dron İranı vurdu

Xəbər verdiyimiz kimi, dünən İranın Naxçıvana dron hücumları həyata keçirməsi nəticəsində 4 nəfər xəsarət alıb və mülki obyektlər zərər görüb.
Hadisə ilə bağlı Azərbaycan sərt mövqe nümayiş etdirib və Prezident İlham Əliyev məsələ ilə bağlı kəskin reaksiya verib. Ölkə başçısının “Azərbaycan ərazisindən üçüncü dövlətlər istifadə edə bilməz” bəyanatı fonunda İranın bu əməli qəbuledilməzdir.
Belə ki, Azərbaycan hər zaman regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verən dövlət kimi çıxış edib. Ölkəmiz heç bir hərbi-siyasi bloklara və müxtəlif dövlət qruplarının koalisiyalarına qoşulmayaraq balanslaşdırılmış və müstəqil xarici siyasət yürüdüb. İranın dron hücumundan sonra Azərbaycanın qarşı tərəfə nota verməsi və səfirin Xarici İşlər Nazirliyinə dəvət olunaraq etirazın bildirilməsi ölkəmizin təhlükəsizlik məsələlərində qətiyyətli mövqe nümayiş etdirdiyini göstərir.
Azərbaycan problemlərin diplomatik və dinc yollarla həllinin tərəfdarı olsa da, ölkəmizin ərazi bütövlüyünə, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı hər hansı təhdid və hücum yolverilməzdir.
Belə şəraitdə isə İranın düşməndən daha çox dostlara ehtiyacı var. Bütün bunların fonunda İran nəyi hədəfləyir? Nə üçün Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışır?
“Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, İran Azərbaycanla münasibətlərin normallaşmasına maraqlı deyil:

“Birmənalı şəkildə qeyd etmək lazımdır ki, İran Azərbaycanla münasibətlərin heç zaman normal olmasını istəmir və Azərbaycan dövlətinin varlığını öz təhlükəsizliyi üçün təhdid kimi qəbul edir. Əslində dünən Azərbaycan Prezidentinin çıxışında da bu məqama toxunuldu. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan dövləti İranda yaşayan soydaşlarımızın əhəmiyyətli hissəsi üçün son ümid yeridir. Yəni məhz Azərbaycanın güclü olması Güney Azərbaycanda yaşayan soydaşlarımız üçün bir cazibə mərkəzi rolunu oynayır ki, bu da İranda ciddi narahatlıq yaradır”.
Politoloq qeyd edib ki, dünən İranın Azərbaycan ərazisinə təcavüzü, Naxçıvan Hava Limanına zərbə endirməsi birbaşa xəyanət və qonşuluq münasibətlərinə zidd addımdır:
“Bu hadisə bir daha göstərdi ki, molla rejimi heç vaxt Azərbaycanla normal münasibətlər saxlamaq niyyətində deyil və hətta mövcud şəraitdə belə bütün eybəcərliklərini ortaya qoyaraq qonşularını hədəfə alır.
Körfəz ölkələrinin hədəfə alınmasını müəyyən mənada izah etmək mümkün idi. Belə ki, həmin ölkələrin ərazisində ABŞ-nin hərbi bazaları mövcuddur. Baxmayaraq ki, İran həmin ölkələrdə təkcə hərbi obyektləri deyil, mülki infrastrukturu da hədəfə alıb. Eyni zamanda, Hörmüz boğazını bağlamağa çalışaraq bu ölkələrin enerji resurslarını iflic etməyə cəhd göstərir, neft emalı zavodlarını, qaz yataqlarını və digər strateji obyektləri hədəfə alır.
Bütün bunlar göstərir ki, İran faktiki olaraq özü ilə birlikdə bütün regionu alova bürüməyə çalışır. Amma Azərbaycana qarşı belə bir addımın atılmasının heç bir izahı yoxdur. Belə ki, Azərbaycan ərazisində hansısa ölkənin İranın bəhanə gətirə biləcəyi hərbi bazası mövcud deyil. Bunun hamısı İranda mövcud rejimin Azərbaycana olan münasibətidir”.
Oqtay Qasımov vurğulayıb ki, əslində İran bunun zərərini özü də görəcək:
“Azərbaycan artıq dünən İranla sərhəddə yerləşən keçid məntəqələrində yük maşınlarının hərəkətini dayandırıb. Halbuki Azərbaycan İranın sanksiyalar altında olduğu dövrdə belə onunla əlaqələrini kəsməmiş, öz ərazisindən istifadə etməsinə və ticarət əlaqələrinin davam etməsinə imkan yaratmışdı. İndi isə bu yollar qapanır və müharibə vəziyyətində olan İran bundan nəticə çıxarmalıdır.
Artıq bu gün Azərbaycanın İrandakı səfirliyi və konsulluğunun fəaliyyəti də dayandırılıb, diplomatik personal geri çağırılır. Bu isə o deməkdir ki, Azərbaycanın hal-hazırda İran tərəfindən elan olunmamış müharibə şəraitindədir. Bu baxımdan, diqqətli olmalıyıq”.
O bildirib ki, İran rejimi əslində son 47 ildə törətdiyi cinayətlər, qonşu ölkələrin daxili işlərinə müdaxiləsi, dünyaya müxtəlif təhdidlər yaratması və terroru dəstəkləməsi ilə özünü hədəfə gətirib:
“Bu gün baş verən savaşda da əsas məsuliyyət elə məhz İranın üzərinə düşür. Biz ABŞ-nin, İsrailin və ya hansısa bir ölkənin İrana hücumunu dəstəkləmirik. Amma eyni zamanda, nəzərə almaq lazımdır ki, İranın apardığı siyasət də bu gün regionda yaranmış gərginliyin əsas səbəblərindən biridir”.
Polise.az



