Türkiyə İrana xəbərdarlıq etdi – “Bir daha təkrarlamayın”

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanettin Duran İrandan ölkəsinə ballistik raket atılmasına təpki göstərib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə o, X-də yazıb.
“İrandan atılan və ölkəmizə yönələn ballistik raket Qaziantepin Şahinbəy rayonunun səmasında NATO-nun hava və raket müdafiə sistemləri tərəfindən vaxtında zərərsizləşdirilib. Hadisə nəticəsində itki və ya xəsarət qeydə alınmayıb. Bu, ilk andan etibarən bütün qurumlarımız tərəfindən yaxından izlənilib və zəruri müdafiə və təhlükəsizlik tədbirləri dərhal həyata keçirilib.
Bu çərçivədə Müdafiə Nazirliyi başda olmaqla bütün müvafiq qurumlarımız tam koordinasiyalı şəkildə fəaliyyət göstərir. Türkiyənin hava məkanı və sərhəd təhlükəsizliyinin qorunması məsələsində dövlətimizin iradəsi və imkanları ən yüksək səviyyədədir. Regiondakı gərginliyin daha da artmaması və münaqişələrin geniş əraziyə yayılmaması böyük əhəmiyyət kəsb edir.
İran da daxil olmaqla, bütün tərəflərə bölgə təhlükəsizliyini riskə atan və mülki şəxsləri təhlükəyə ata biləcək hərəkətlərdən uzaq durmaları ilə bağlı xəbərdarlığımızı bir daha güclü şəkildə təkrar edirik”, – Duran bildirib.
Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl İrandan ölkə ərazisinə atılan ballistik raketin Aralıq dənizi üzərində NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlamışdı.
Polise.az



