Tramp:”Minaları dərhal yığışdırın, yoxsa cavabımız dəhşətli olacaq”

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını minalamaq planları barədə kəşfiyyat məlumatlarına reaksiya verərək Tehrana növbəti xəbərdarlıq məktubunu ünvanlayıb.
Polise.az Musavat.com-a istinadən xəbər verir ki, Tramp öz “Truth Social” hesabında İranın strateji su yoluna mina döşəməsi ehtimalından bəhs edərək, bu addımın Tehran üçün ağır hərbi nəticələri olacağını bildirib.
Prezidentin bəyanatında deyilir: “Əgər İran Hörmüz boğazına hər hansı mina yerləşdiribsə – hələlik bizdə bunu etdiklərinə dair rəsmi hesabat yoxdur – biz onların dərhal təmizlənməsini tələb edirik! Əgər hər hansı səbəbdən minalar qoyulubsa və təcili yığışdırılmasa, İran üçün hərbi nəticələr misli görünməmiş olacaq”.
Tramp həmçinin əlavə edib ki, əgər Tehran bu təhlükəni aradan qaldırarsa, bu, gərginliyin azaldılması istiqamətində “nəhəng bir addım” hesab oluna bilər.
Xatırladaq ki, az öncə ABŞ kəşfiyyat orqanları İranın Hörmüz boğazının gəmiçilik zolaqlarında minalar yerləşdirməyə hazırlaşdığına dair əlamətlər müşahidə etdiklərini (“CBS News” vasitəsilə) bəyan etmişdilər. ABŞ hərbçiləri (CENTCOM) artıq “mina döşəyən gəmiləri” və mina anbarlarını izlədiklərini və ehtiyac yaranarsa, onları birbaşa hədəf alacaqlarını bildiriblər. Hörmüz boğazı dünya neft tədarükünün təxminən 20%-nin keçdiyi kritik bir nöqtədir və buradakı hər hansı maneə qlobal enerji bazarında xaosa səbəb ola bilər.
Polise.az



