Ermənistan Müdafiə Nazirliyi Azərbaycan postunun mövcudluğunu təsdiqlədi

Emənistanın Geqarkunik vilayətində Azərbaycan ordusunun yeni mövqeyi ilə bağlı yayılan məlumatlar Ermənistanda müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi müxalifətin “Azərbaycan hərbçiləri ölkənin suveren ərazisində yeni post qurub” iddiasına cavab verərək məsələyə aydınlıq gətirib.
Nazirlik bildirib ki, Google Earth kimi peyk xəritələri dövlət sərhədlərinin müəyyənləşdirilməsi üçün hüquqi əsas hesab oluna bilməz. Rəsmi İrəvan sərhədlərin müəyyən olunmasında SSRİ Baş Qərargahının 1975-ci ilə aid xəritələrinə istinad etdiyini vurğulayıb.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan xəritə fonunda videomüraciət yayımlayaraq müzakirə olunan mövqenin mövcudluğunu faktiki təsdiqləyib. Lakin o bildirib ki, həmin hərbi mövqe Ermənistan ərazisində deyil.
Onun sözlərinə görə, videoda mavi punktir xəttlə göstərilən mövqe Azərbaycan tərəfinə məxsusdur və Ermənistanın rəsmi dövlət sərhədini keçmir. Ermənistan sərhədi isə xəritədə sarı xəttlə qeyd olunub.
Musavat.com



