ABŞ – İSRAİL CÜTLÜYÜNÜN DAHA QANLI PLANI FİASKOYA UĞRADI… – İranda “kürd Zəngəzuru”nun qurulmasının qarşısı necə alındı?

Türkiyə və Azərbaycana qarşı daha hiyləgər və çoxgedişli planı dövrəyə soxmağa çalışırdılar

Namiq Bilal
ABŞ–İsrail cütlüyü ilə İran arasında ölüm-dirim savaşı dərinləşir. İranın infrastruktur obyektləri yerlə-yeksan edilir. İran isə ABŞ hərbi bazalarını və İsraili şiddətli şəkildə vurur. Planlar alınmadı, İran təslim olmur. Quru qoşunlarının müdaxiləsi lazımdır. ABŞ və İsrailin isə İrana girəcək quru qoşunları yoxdur. İranı yenmək üçün İslam Respublikası ilə savaşa girəcək yeni güclərə ehtiyac var.
Vaşinqton və Tel-Əviv iki böyük gücü İrana qarşı qoymağa çalışırlar. Bunlardan birincisi Körfəzin sünni ərəb dövlətləri, ikincisi isə Azərbaycan və Türkiyədir. Bu, təbii istəkdir. Hər kəs müharibədə başqa güclərin də düşmənin üzərinə getməsində maraqlıdır.
İran ərəb ölkələrində yerləşən ABŞ bazalarını vurur. Eyni zamanda həmin ölkələrin bəzi sivil obyektlərini də hədəf alır. Ərəblərin neft-qaz təsisləri, limanları, hətta otelləri raketlər və dronlar tərəfindən vurulur. Ərəblər təmkinli davranır, İrana atəşlə cavab vermirlər. İsrail isə var gücü ilə ərəb monarxiyalarının da müharibəyə qatılmasına çalışır.

Ərəb və Qərb mətbuatındakı çoxsaylı məlumatlara görə, Körfəzdəki sivil obyektlərin bəziləri israillilər tərəfindən vurulur. Bəzi əhəmiyyətli obyektlər raketlərlə vurulur, İran isə həmin obyektləri vurmadığını bildirir.Səudiyyə Ərəbistanında və Qətərdə obyektləri partlatmağa hazırlaşan “Mossad” agentləri həbs edilib. Bu barədə konkret məlumatlar verilir.
Qətərin keçmiş baş nazirinin mətbuata açıqlamalarında deyilir: “İsrail sünni ərəblərlə şiə İranı qanlı məzhəb müharibəsinə sürükləməyə çalışır. Bizi müharibəyə soxub özləri çəkilib kənarda duracaqlar. Sonra da həm bizə, həm də iranlılara silah satıb regionu nəzarətdə saxlayacaqlar”.

Belə məlumatların həqiqət payı, əlbəttə ki, var. Məsələn, İsrailin tanınmış mətbu orqanları və televiziyaları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranı vurduğunu elan etdilər. Həmin məlumat anındaca BƏƏ rəsmiləri tərəfindən təkzib edildi və əmirlik rəsmiləri İsraili provokasiya yaratmaqda ittiham etdilər.
İrana qarşı ABŞ və İsrailin yönəltməyə çalışdığı ikinci böyük güc Türkiyə və Azərbaycandır. Türkiyəyə atılan son raketi də NATO qüvvələri vurdu. İran tərəfi raketin İran ərazisindən deyil, İraqdakı “Mossad” agentləri tərəfindən atıldığını anındaca açıqladı.

Digər tərəfdən, Türkiyə və Azərbaycana qarşı daha hiyləgər və çoxgedişli planı dövrəyə soxmağa çalışdılar. Plan belədir: İraq və İran kürdləri silahlandırılaraq Cənubi Azərbaycan bölgələrinə yönəldilir, Cənubi Azərbaycanla Türkiyə arasında kürd zolağı qurulur, Zəngəzurda olduğu kimi, türklərin arasına indi də “kürd Zəngəzuru” soxulur. Şimaldan erməni Zəngəzuru, cənubdan isə “kürd Zəngəzuru” türkləri başdan-başa ayırır.
Bu hərəkat, heç şübhəsiz, böyük türk qətliamı yarada bilərdi. Hərəkat başlanarsa, Azərbaycan və Türkiyənin İrana qoşun yeritməkdən başqa yolu qalmazdı. Bu isə bir qədər də dərinləşərək fars–türk savaşına qədər uzana bilərdi.

Plana olduqca ciddi hazırlaşıldı. Suriyadan və İraqdan kürd yaraqlıları işə cəlb edildi. Üstəlik, bölgəyə Amerika və İsrail komandoları da sövq edildi. Həmin komandoların işi İran ərazisinə sızaraq kürd silahlı qruplarının İrana keçməsi üçün plasdarm yaratmaq idi.
Plana qatılmaları üçün kürdlərə ən yüksək səviyyədə təzyiqlər olundu. Hətta Tramp özü də kürd lideri Bafl Talabaniyə və digər kürd bölgəsi rəhbərlərinə telefon açaraq İrana girmələrini tələb etdi. Tərəddüd edənlərə isə Tramp “Ya bizimləsən, ya da İranla” təhdidini irəli sürdü.

Məsələ ilə bağlı son iki gündə yaşananları nəzərdən keçirək. Trampın kürd liderlərlə danışığından dərhal sonra Hakan Fidan ABŞ dövlət katibi M. Rubio ilə təcili görüş keçirdi. Üstəlik, həm Ərdoğan, həm də Fidan açıq mətnlə kürdlərdən bu təhlükəli oyundan çəkilməyi tələb etdilər.
Adı çəkilən telefon danışığından və türk liderlərinin ciddi xəbərdarlığından sonra kürd qruplarında tərəddüdlər meydana gəldi.

Bafl Talabani “Fox News”a açıqlamasında “Biz bu əməliyyata girişəriksə, Türkiyə müdaxilə edəcək” deyərək plandan vaz keçdiklərini açıqladı.
“Jerusalem Post” qəzetinin məlumatına görə isə Suriya kürdləri İran kürdlərinə səslənərək xəbərdarlıq ediblər: “Oyuna gəlməyin. ABŞ və İsrail sizi də bizim kimi istifadə edib, işlərinə gəlmədiyi halda ortalıqda buraxacaqlar”.
“Times of Israel” qəzeti isə kürd planının baş tutmamasında Trampı günahlandırır: “Tramp ilk öncə ‘əla plandır’ dedi və kürd liderləri təşviq etdi. Sonra isə plandan vaz keçdi. Bu, Trampın zəifliyi və Türkiyə qarşısında boyun əyməsidir”.
Öncə də qeyd etdiyimiz kimi, rusların şimalda qurduğu erməni Zəngəzurunun cənub variantını da ABŞ–İsrail cütlüsü İranda qurmağa çalışdı. Əslində türkləri bölən yeni kürd səddini illərdir fars rejimi qurur. İndi isə ABŞ və İsrail bu qanlı oyunu öz məqsədləri üçün dövrəyə soxur.
Türklərin zəif olduğu XX əsrdə Rusiya erməni Zəngəzurunu qura bildi. Türklərin qalxdığı XXI əsrdə isə “kürd Zəngəzuru”nun qurulma ehtimalı sıfırın altındadır. Buna nə Azərbaycan, nə də Türkiyə imkan verməz.
“AzPolitika.info”



