Qəzzafinin qızı İrana çağırış etdi: “Qərbə güzəşt etməyin”

Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin qızı Ayşə Qəzzafi İrana çağırış edib.
Polise.az Musavat.com-a istinadən xəbər verir ki, Ayşə Qəzzafi İran xalqına müraciət edərək Qərbə güzəşt edilməməsi barədə xəbərdarlıq edib. O bildirib ki, Qərblə kompromisə getmək sülhə deyil, daha ağır nəticələrə gətirib çıxara bilər və bu baxımdan Liviyanın təcrübəsini nümunə göstərib.
“Canavarlarla danışıqlar sürünü xilas etmir; bu, sadəcə növbəti ovun tarixini müəyyən edir”, – deyə o qeyd edib.
Ayşə Qəzzafinin sözlərinə görə, vaxtilə Qərb onun atası Müəmmər Qəddafiyə nüvə silahları və ballistik raket proqramından imtina edəcəyi təqdirdə Liviyanın beynəlxalq aləmdə qəbul olunacağı və ölkəyə qarşı təzyiqlərin aradan qalxacağı barədə vədlər vermişdi.
O iddia edib ki, Liviya rəhbərliyi həmin dövrdə bu vədlərə inanaraq müəyyən güzəştlərə getdi. Lakin sonradan NATO-nun hərbi əməliyyatları nəticəsində ölkə ağır dağıntılarla üzləşdi.
“Qərb ona söz verdi, o isə buna inanaraq güzəştlər etdi. Nəticədə NATO bombaları Liviyanı xarabalığa çevirdi”, – deyə Ayşə Qəzzafi bildirib.
Polise.az



